“Maşa və Ayı”nın təbliğat məqsədi var? – Diqqətçəkən açıqlamabackend

“Maşa və Ayı”nın təbliğat məqsədi var? – Diqqətçəkən açıqlama

Son illər Azərbaycan televiziya məkanında uşaqlar üçün nəzərdə tutulan cizgi filmlərinin və maarifləndirici proqramların məhdudluğu diqqət çəkir. Halbuki televiziya uşaqların dünyagörüşünün formalaşmasında, ana dilinin inkişafında və milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynaya bilər.

Xarici istehsal olan cizgi filmlərinin geniş yayıldığı bir vaxtda milli məzmunlu uşaq proqramlarının hazırlanması məsələsi yenidən aktuallaşır.

Bəs uşaqlar üçün televiziya məzmunu niyə yetərli deyil və bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət KONKRET.az-a açıqlamasında bildirib ki, uşaqlar üçün müəyyən proqramlar və maarifləndirici layihələr yayımlansa da, ümumi mənzərədə bu sahədə ciddi boşluqlar mövcuddur.

Onun sözlərinə görə, hazırda sırf uşaq auditoriyası üçün fəaliyyət göstərən “ARB Günəş” kanalı var. Bu kanalın milli məzmunla zəngin proqramlar təqdim etdiyini vurğulayan Azər Həsrət hesab edir ki, uşaqlar həmin kanaldan yararlanaraq televiziya məzmunundakı boşluğu müəyyən qədər doldura bilərlər.

“Uşaq auditoriyasına yönəlmiş proqramların və layihələrin sayı ümumilikdə artırılmalıdır.

Əsas problemlərdən biri uşaqlara təqdim olunan cizgi filmlərinin məzmunu ilə bağlıdır. Bəzi xarici istehsal cizgi filmləri milli kimlik və dəyərlər baxımından müzakirə olunmalıdır”.

Yayım Şurasının üzvü Rusiyanın istehsalı olan “Maşa və Ayı” cizgi filmini nümunə göstərərək bildirib ki, bu ekran əsəri rus xarakterinin dünyaya təqdim olunması məqsədi daşıyan təbliğat vasitəsi kimi qiymətləndirilə bilər.

“Belə cizgi filmlərinin Azərbaycan dilinə tərcümə edilərək uşaqlara təqdim olunması əvəzinə, milli məzmunlu ekran əsərlərinin istehsalına üstünlük verilməlidir.

Azərbaycan tarixini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini və kimliyini əks etdirən cizgi filmlərinin sayı artırılmalıdır. Bu istiqamətdə yalnız televiziya məzmununun deyil, uşaqların istifadə etdiyi digər vasitələrin də milli dəyərlərə uyğunlaşdırılması vacibdir”.

Azər Həsrət bildirib ki, bəzi ölkələrdə uşaqlar üçün nəzərdə tutulan oyuncaqların belə milli kimliyə uyğun olması məsələsinə xüsusi diqqət yetirilir. Onun fikrincə, Azərbaycanda da bu sahədə kompleks tədbirlər planının hazırlanmasına ehtiyac var.

Yayım Şurasının üzvü hesab edir ki, ölkədə ayrıca uşaq televiziyasının yaradılmasının vaxtı çatıb. Onun sözlərinə görə, belə bir televiziya yalnız cizgi filmləri ilə məhdudlaşmamalı, uşaqlara tarix, ədəbiyyat, milli-mənəvi dəyərlər və milli kimliklə bağlı maarifləndirici məzmun da təqdim etməlidir.
“Əlbəttə, bu, maliyyə tələb edən işdir. Amma xarici ölkələrin cizgi filmlərini almaq, tərcümə etmək və səsləndirmək də xərc tələb edir. Ona görə də düşünürəm ki, Azərbaycanda uşaq televiziyasının yaradılmasının vaxtı çatıb. Bu istiqamətdə görülə biləcək işlər çoxdur və onları həyata keçirəcək mütəxəssislər də var”, – deyə Azər Həsrət vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*