Subsidiya almaq istəyən fermerlərin nəzərinə! – Müddət başa çatırbackend

Subsidiya almaq istəyən fermerlərin nəzərinə! - Müddət başa çatır

Fermerlərin öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməsi prosesi dekabrın 30-da başa çatır.

Bu barədə KONKRET.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bəyan prosesinin sürətləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə məlumatlandırma sessiyaları keçirilir. Sessiyalar zamanı aqrar sahəyə dövlət dəstəyi mexanizmləri geniş izah olunur, fermerlərin bu mexanizmlərdən yararlanmaq imkanları barədə məlumat verilir. Bu məqsədlə növbəti tədbir Şəki, Oğuz və Qəbələ rayonlarında keçirilib.

Tədbirlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, payızlıq arpa və buğda səpininin optimal müddətdə başa çatdırılması biçin mövsümündə bol məhsulun olacağını söyləməyə əsas verir. Ölkənin əsas taxılçılıq rayonlarında olan Şəkidə, eləcə də əkin dövriyyəsində payızlıq əkinlərin payı böyük olan Oğuz və Qəbələ rayonlarında səpin prosesi yekunlaşmaq üzrədir. Ötən il bu üç rayonda ümumilikdə 100 min hektardan çox taxıl əkilib və biçin dövründə sahələdən bol məhsul götürülüb. Ölkədə taxılçılığın inkişafına dövlət tərəfindən daim dəstək verilir və ən böyük dəstək mexanizmi taxıl əkinlərinin subsidiyalaşdırılmasıdır.

Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ildə arpa və buğda sahəsinin hər hektarına görə 210 manat əkin subsidiyası veriləcək ki, bu da fermerin əkinə çəkdiyi istehsal xərclərinin önəmli hissəsini qarşılayır. Səpini başa çatdırmış fermerlər subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, 5 hektardan artıq sahəsi olan fermerlər torpağın aqrokimyəvi analizinin nəticələrini şəxsi kabinetə yükləməli, 10 hektardan artıq sahəsi olan fermerlər isə əlavə olaraq sahələrini sığortalamalıdır. Sığorta xərclərinin tam yarısı dövlət tərəfindən ödənilir.

Qeyd olunub ki, fermerlər öz sahələrindən nümunələri analiz üçün Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkəran, Salyan, Ucar və Bərdə rayonlarında fəaliyyət göstərən aqrokimya laboratoriyalarına təqdim edə bilərlər. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binalarında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.

Görüşlərdə EKTİS-də şəxsi kabinetin aktivləşdirilməsi, məlumatların sistemə daxil edilmə ardıcıllığı, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, bəyan prosesində fermerlərə texniki köməklik göstərilməsi üçün təşkil olunan səyyar xidmətlər və digər məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.







Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*