Azərbaycanda kredit faizlərinin yüksək olaraq qalması borclanmaq istəyən vətəndaşlar üçün əsas problemlərdən biridir. Son dövrlərdə bankların kredit faizlərini əhəmiyyətli dərəcədə aşağı salmamasının səbəbləri də müzakirə mövzusuna çevrilib.
Bəs kredit faizlərinin yüksək qalmasına hansı amillər təsir edir və yaxın dövrdə faizlərdə azalma gözləmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit faizlərinin yüksək olmasının əsas səbəbi kredit risklərinin artmasıdır.

Ekspertin sözlərinə görə, kreditin geri qaytarılmaması ilə bağlı yaranan problemlər banklar üçün əlavə xərc formalaşdırır:
“Kredit faizlərinin yüksək olması kredit riskinin yüksək olması ilə bağlıdır. Kredit riski kreditin qaytarılmasında yaranan problemdir. Bu da banklar üçün əlavə xərcdir. Buna görə də banklar faizləri aşağı salmırlar”.
Ə.Həsənov qeyd edib ki, mövcud vəziyyətdə risklərin azalmasından daha çox artması ehtimalı var. Bu isə kredit faizlərinin aşağı düşməsi əvəzinə, yüksəlməsi ehtimalını gündəmə gətirir.
Beləliklə, kredit faizlərinin aşağı salınması üçün ilk növbədə bankların üzləşdiyi kredit risklərinin azalması və problemli kreditlərin səviyyəsinin nəzarətdə saxlanılması mühüm amil olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az
