Sumqayıtın yaşıdı, Rusiya baş nazirinin azərbaycanlı dostu… – FOTOLARbackend

Sumqayıtın yaşıdı, Rusiya baş nazirinin azərbaycanlı dostu... - FOTOLAR

Sumqayıtın N.Nərimanov adına Mədəniyyət Mərkəzində tanınmış yazıçı-şair, Moskva və Bakıda nəşr edilmiş 10-dan artıq kitabın, həmçinin Qarabağ müharibəsi ilə bağlı milli-vətənpərvərlik ruhunda yazılmış “AND” romanının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2018-ci ilin Prezident mükafatçısı Süleyman Hüseynovun 70 illiyi ilə bağlı geniş yubiley tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyinin və ictimaiyyətin nümayəndələri, şairin qələm dostları, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı Rusiyadan, Özbəkistan və Tacikistandan gəlmiş qonaqlar da iştirak ediblər.

Bu, o Süleymandır ki… Sovetin DTK-sından gizlin hazırlatdığı milli bayraqlarımız hələ 89-cu ilin sonlarında Sumqayıtın mərkəzi meydanında dalğalanırdı

Süleyman Hüseynovun ədəbi yaradıcılığına olan maraq həm də onun şəxsiyyət və əqidə bütövlüyündən, vətənpərvərliyindən, əsl vətəndaş, səmimi və maraqlı bir adam olmasından irəli gəlir. O, həmin adamdır ki, DTK agenturasının təqibindən və çox ciddi cəzalandırılacağından zərrəcə də qorxmayaraq, “Xalq cəbhəsi”nin şəhər təşkilatının təklifi ilə 1989-cu ilin mitinqlərindən birinin iştirakçıları üçün o vaxt rəhbərlik etdiyi Sumqayıt Yerli İstehlak malları kombinatında gizli və ilk dəfə olaraq bugünkü dövlət bayrağımızın 100-ə qədər nisbətən kiçik nümunələrini hazırlatdırmışdı. Və səhərisi gün azadlıq eşqli, vətən məhəbbətli Sumqayıt gəncləri əllərində həmin bayraqlarla mərkəzi meydana axışanda bəlkə də hamıdan, elə “cəbhəçi”lərdən də çox Süleyman Hüseynov sevinir, qəlbi qürurla dolurdu. Mitinq iştirakçılarının başı üzərində Sumqayıtda ilk dəfə dalğalanan milli bayraqlar gələcək müstəqilliyimizin qaranquşları kimi onu riqqətə gətirir, bu yolda doğma şəhərdə ilk addım atdığına görə (əvvəlki mitinqdə Bakıdan gətirilmiş bir-neçə bayraq nəzərə alınmazsa) haqlı olaraq iftixar hissi keçirirdi.

Ancaq iş elə gətirdi ki, meydanda SSRİ bayrağı əvəzinə qaldırılan milli bayraqlara görə o vaxt Süleymana “dəyib-dolaşan” olmadı. Görünür, DTK agentləri izə düşə bilməmişdilər.  Bir də ki, axı, xalq hərəkatı o zaman artıq elə geniş məcra götürmüş, elə vüsət almışdı ki, onu hər hansı şəkildə dəyişdirmək mümkün deyildi, qarşısını almaq isə böyük faciəyə səbəb ola bilərdi (necə də ki oldu… Bir ay sonra daşnakların fitvası, ermənipərəst, özü də, “gözəlçə” arvadı da satqın olan M.Qorbaçovun xalqımıza xəyanəti, qanlı cinayəti olaraq müdhiş 20 Yanvar faciəsi baş verdi…)

 


O,  şair yox, mühəndis olmaq arzusu ilə yaşayırdı

 

Süleyman sonralar özünün tale şəhəri, yaşıdı olacaq Sumqayıta şəhər adı verilməsi ərəfəsində – 19 sentyabr 1949-cu ildə Sumqayıtdan yüz kilometrlərlə uzaq bir diyarda – Lənkəranın Boladi kəndində dünyaya gəlib. Orta məktəbi 1966-cı ildə doğma kənddə əla qiymətlərlə başa vuraraq, kimyaçı olmaq arzusu ilə Sumqayıta üz tutmuş, sonralar ölkənin neft-kimya sənayesinin inkişafında mühüm xidmətləri olmuş əmisi Zamin Hüseynovun məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna vermiş və imtahanları uğurla başa vuraraq,  həmin nüfuzlu ali məktəbə qəbul edilmişdi. Hələ orta məktəbdə oxuyarkən ara-sıra şeirlər yazsa da, şairlik xülyasına düşməmiş, neft-kimya mühəndisi olmaq istəyi ilə səylə çalışmış, istehsalatdan ayrılmadan ali təhsil almışdı.

Əmək fəaliyyətinə 1966-ci ildə Sumqayıt Superfosfat zavodunda elektrik çilingəri kimi başlayan Süleyman Hüseynov kimyaçı-mühəndis kimi pillə-pillə ucalaraq, sonralar Sumqayıt Kompressorlar zavodunda direktor müavini, “Kimyasənaye” İB-də, hətta Moskvanın kimya müəssisələrində yüksək vəzifələrdə çalışmış, vaxtilə fəhlə kimi işə qəbul edildiyi Superfosfat zavodunun və digər Sumqayıt müəssisələrinin direktoru olmuşdur. Təsadüfi deyil ki, peşəkarlığı, yüksək təşkilatçılıq xüsusiyyətləri, çalışdığı kollektivlərdə nail olduğu hörmət və nüfuzu, səmimiyyəti və qayğıkeşliyi ilə şəhər əhalisinin rəğbətini qazanaraq, Sumqayıt şəhər Sovetinin deputatı seçilmiş, 5 il həm də sumqayıtlıların problem və qayğıları ilə yaşamışdır.

Ancaq o, bir mühəndis kimi çalışaraq, uğurlar qazansa da, hətta Rusiyanın Xalq Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirsə də, poeziyanın cazibəsindən çıxa bilməyərək, vaxtaşırı ədəbi yaradıcılıqla da məşğul olmuşdur. Düzdür, ilk qələm təcrübələri özünü qane etməsə də, sonralar Azərbaycanın dahi şairləri Nizaminin, Nəsiminin, Füzulinin və onların ardıcılları olan Mikayıl Müşfiqin, Rəsul Rzanın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Əli Kərimin və digər şairlərin poeziyasından bəhrələnərək, uğurlu, diqqət doğuran şeirlər yazmağa nail olub. Hələ tələbə ikən – 1971-ci ildə Sumqayıtda çıxan çoxtirajlı “Kimyaçı” qəzetində Azərbaycanın igid, əfsanəvi oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova həsr etdiyi “Bakıda bir məzar var” şeiri dərc edilmiş və bununla da onun  dövri mətbuatda çıxışlarının başlanğıcı qoyulmuşdu. Onun son 25 ildə “Bir həzin nəğmə”, “Öz yolumla gedirəm”, “Qəlb harayım”, “Taleyim mənim”, “Qəriblik nəğmələri” adlı şeirlər kitabları, “Ana baxışları”, “Qisas” və “And” adlı povest və romanları nəşr edilib. Bir vaxtlar həmvətənimiz olmuş Nadejda Painanın tərcüməsi ilə Bakıda və Moskvada şairin rus dilində “Прожить бы так”, “Если я не вернусь”, “Меч правосудия” şeirlər kitabları çap olunub və oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Əllərdə badə yox, silah olmalı!..” – Şairin döyüşən, hayqıran poeziyası 

Adətən şairləri ilk olaraq şeir yazmağa, poeziyaya sövq edən sevgi-məhəbbət olsa da və Süleyman da bu əbədi mövzudan qaça bilməsə də, sonralar həyata baxışı, bəşəri düşüncələri, vətənin və dünyanın sabahına narahatlığı onun mövzu dairəsini daha da genişləndirdi. Xalqını ürəkdən sevən və bütün həyatı boyu ona vicdanla, sədaqətlə xidmət edən şairin yaradıcılığında illər ötdükcə daha çox vətəndaş mövqeyindən irəli gələn ictimai əhəmiyyətli, vətən duyğulu şeirlər yer tutdu. Bütün varlığı ilə Azərbaycana, doğma xalqa bağlı olan Süleyman şeirlərindən birində məhəbbətlə bu misraları yazıb:

Ölümdən qorxmuram, inanın mənə –

O ki qaçılmayan bir zərurətdir.

Mənim qısa ömrüm doğma Vətənə,

Anama həsr olan ülvi xidmətdir!

Diqqət edilərsə, aydın olar ki, şair “Mənim qısa ömrüm doğma Vətənə, Anama həsr olan ülvi xidmətdir” misralarında “anama” deyəndə yalnız ona həyat bəxş etmiş doğma anasını yox, həm də ona Ana qədər əziz, müqəddəs olan Vətəni – Ana hesab etdiyi Vətəni nəzərdə tutur.

…Azərbaycanımızın gözəl, əsrarəngiz bir diyarı olan Dağlıq Qarabağa düşmən iddialarının başlandığı ilk gündən Süleyman Hüseynov da qələmini süngüyə çevirərək, ideoloji təbliğat əsgəri kimi mübarizəyə atılır. Həmvətənlərimizə müraciətində o, daxili çəkişmələrə son qoyub, birləşərək hamını azğın düşmənə qarşı döyüşlərə qoşulmağa səsləyir. 1991-ci il noyabrın 20-də bir mənfur xəyanət, satqınlıq nəticəsi olaraq düşmən tərəfindən Vətənin igid, qeyrətli oğullarının – dövlət xadimləri, generallar, deputatlar və mətbuat işçilərinin olduğu hərbi vertolyotun partladıldığı günlərdə Süleyman Hüseynov həyəcanla haray çəkirdi:

Bəsdir çəkişmələr, bəsdir siyasət,

Qeyrət meydanıdır, bəsdir uyuduq!

…Şəhidlər ruhuna and içək bu gün,

Tökülən bu qanlar yerdə qalmasın!

Matəmə dönməsin eldə toy-düyün,

Uşaqlar atasız bir də qalmasın!

 

Kəsilsin bu yurddan düşmən ayağı,

Olsa da arxalı o murdar yağı,

Gəlin hamılıqla bu gün and içək,

O azğın düşmənin qanını içək,

Qudurğan nəslinin kökünü kəsək!..

 

Qarabağ uğrunda müharibənin sonrakı gedişində erməni havadarlarının birləşərək, Azərbaycana qarşı apardığı “səlib müharibəsi”, başsız rəhbərlər və generallar ucbatından 90-cı illərin əvvəllərindəki uğursuzluqlarımız, öz içimizdəki xəyanətlər, satqınlıqlar bütün xalqımız kimi Süleyman Hüseynovu da sarsıtdığından, hiddətlə, ürək ağrısıyla hamını qeyrətə, döyüşə səsləyirdi (şeir bənd və misra ixtisarları ilə verilir):
Bir söyüşə görə qan qardaşından,
Ey intiqam alan vətən övladı…

Sataşan olsaydı qıza-gəlinə,
Eldə qan düşərdi, qırğın düşərdi.
Düşmən əlindədir neçə qız-gəlin,
Kişi götürərmi bu ağır dərdi?..

O yandan ucalır ana naləsi,
Dağı da, daşı da yandırır bu səs…

Nə tez yaddan çıxdı bacın, a qardaş,
Ata da unutdu – qızı hardadır?!
Nə tez quruyubdur gözlərdəki yaş,
Neçə ana-bacı axı dardadır?!..

 

Və sonra da qətiyyətlə deyir:

 

Bəsdirin, ayılın, oyansın QEYRƏT,
Əllərdə badə yox, SİLAH olmalı!

Qarabağ məğlubiyyətimiz fonunda son illərdə ölkədə baş verən mənəvi aşınmalar-deqradasiyalar, bəzi məmur-deputat azğınlıqları, xalqa təsirsiz ötüşməyən biznesmen-oliqarx çəkişmələri, rüşvətxorluq və s. neqativ hallar şair hiddətini, nifrətini daha da gücləndirir:

Başlı kişilər də başdan olublar,
Başı olmayanlar “başqan” olublar,
Başları, ürəyi daşdan olublar,
Biz niyə yarandıq belə, İlahi?!

 

Adı dəyişibdir daha hörmətin,
Odur yeni adı pulun, rüşvətin,
Dinsizmi məmuru indi millətin,
Biz niyə yarandıq belə, İlahi?!

Bəlkə yetişibdir qiyamət günü,
Sən də döndərmisən bizdən üzünü?!
Nolar, uzaq salma bizdən özünü,

Qaytar bizi, adam elə, İlahi,
Ya da yandır, döndər külə, İlahi!

 

Bu, Vətən, torpaq həsrətinə-faciəsinə dözməyən şair qəlbinin yeri-göyü silkələyən fəryadıdır: “Qaytar bizi, adam elə, İlahi, ya da yandır, döndər külə, İlahi!”. Bu, əlacsızlıq içində çırpınan bir xalq üçün sondur, son! Şair narahatlıqla düşünür ki, görəsən, Uca Tanrı fəryadımızı eşidib, bizi nə vaxtsa adam – zəbt olunmuş torpaqlarımızı azad edə biləcək igid, cəsur, tədbirli, qətiyyətli adam edə biləcəkmi?

…Süleyman Hüseynov poeziya yaradıcılığını davam etdirməklə yanaşı son illərdə nəsr əsərləri də – bir-neçə povest və roman da yazmışdır. Onun istedad və yaradıcılığının mühüm bir nümunəsi olan, Qarabağ mövzusuna həsr edilmiş, gənclərimizə vətənpərvərlik ruhu aşılayan “And” romanı müəllifin böyük ədəbi uğurudur. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də rus dilində nəşr olunmuş bu dəyərli əsərin  ictimai-siyasi əhəmiyyətini nəzərə alan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə əsər təkrarən nəşr edilib. Əsəri rus dilinə xalqımızın ədəbiyyat və mədəniyyətinə böyük hörmət və məhəbbət bəsləyən, ölkəmizin sədaqətli, sevimli dostu, özbəkistanlı şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Kasımova tərcümə etmişdir.

Diqqətəlayiqdir ki, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, 2005-ci ildə “Qılınc və Qələm” Beynəlxalq ədəbi mükafatına layiq görülən, poetik istedadı və məhsuldar yaradıcılığı ilə hər zaman diqqəti cəlb edən Süleyman Hüseynovun şeirlərinə mahnılar da bəstələnıb, audio-disklər də buraxılıb. Maraqlı həyat və yaradıcılıq yolu olan şair haqqında “Söz karvanının sarvanı” adlı sənədli televiziya filmi də çəkilib. Şairin əsərləri rus və özbək dillərinə tərcumə olunmuş, Daşkənddə çapdan çıxmış “Müasir Azərbaycan poeziyası antologiyası”na da daxil edilmişdir.

Kimlərlə dostluq etməyib? – Rusiya dövlətinin baş naziri ilə, kosmonavtla…

Qətiyyətlə demək olar ki, Süleyman Hüseynov həyatda nələrə nail ola bilibsə, hamısına istedadı, bacarığı ilə yanaşı həm də yüksək insani keyfiyyətləri – hər zaman son dərəcə səmimi olması, sadəliyi, dostluğa sədaqəti sayəsində nail olub. Vaxtilə Azərbaycandan SSRİ Xalq Təsərrüfatı Akademiyasına oxumağa göndəriləndə (bu, sovetlərin müəssisə rəhbərlərinin yüksək idarəçilik metodlarına yiyələnmələri üçün 2 illik “ixtisasartırma” kursları idi) onların qrupunda bir nəfər də olsa tanıdığı adam yox idi. Ancaq çox keçmədən qrupun bütün “tələbələri” Süleymanın dostu olmuşdular. Onlar hətta səhər-axşam yeməyinə oturanda belə gözləri ilə onu axtarırdılar. Baxmayaraq ki, qrupda ermənilər də vardı və yeganə azərbaycanlı Süleyman idi, qrup nümayəndəsi məhz o seçilmişdi. Hamı ilə xoş ünsiyyət qurmağı bacaran sumqayıtlı direktor (o vaxtkı Yerli İstehlak Malları kombinatına başçılıq edirdi) paralel qrupda təhsil alan, Nijni Novqoroddan olan Sergey Kiriyenkonun da diqqətini cəlb etmişdi (çox gənc olmasına baxmayaraq, Sergey o vaxtlar böyük bir neft-kimya Birliyinin baş direktoru idi). Yaxşı, nümunəvi oxuması, biliyi-savadı ilə yanaşı sadəliyi, istiqanlılığı ilə seçilməsi Süleymana qarşı onda xüsusi rəğbət oyatmışdı. Və onlar qısa müddət ərzində dostlaşmışdılar. Sonralar vəzifə pillələri ilə xeyli yüksələn, hətta Rusiya kimi böyük, qüdrətli bir dövlətin baş naziri olanda da Sergey Kiriyenko heç vaxt öz dostunu unutmayıb. Onu karyera yüksəlişlərində ilkin olaraq təbrik edənlər arasında isə hər zaman Süleyman Hüseynov da olurdu. Şair dostunun Moskvada nəşr edilmiş kitablarının təqdimat mərasimlərində iştirak etməyi də S.Kiriyenko həmişə özünün dostluq borcu hesab edib. Hansı mövqeyi, hansı vəzifəni tutmasından asılı olmayaraq, Süleyman Hüseynov onun üçün daim istəkli, sədaqətli dost olaraq qalır.

SSRİ-nin təyyarəçi-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Yuri Malışevlə isə Süleyman özünün qrup yoldaşı, Ukraynada müəssisə rəhbəri olan gürcü Aftandilin sayəsində tanış olub. Belə ki, Sumqayıtdan olan tələbə dostunun Moskvaya növbəti sessiyaya vaxtından iki gün tez gəldiyini bilən Aftandil onun orda “darıxmaması” üçün əsl gürcü qonaqpərvərliyi ilə Xarkova – yerli aviamodelçilərin yarışına baxmağa dəvət edib və bildirib ki, münsiflər heyətinin rəhbəri kimi məşhur kosmonavt Yuri Malışev də ora gələcək. Aftandilin xahişini yerə salmaq istəməyərək, Süleyman onun təkidli dəvəti ilə Xarkova yollanır. Onun vasitəçiliyi ilə kosmonavtla tanış olan Süleyman gün ərzində o qədər rəğbət doğurur ki, Y.Malışev onu Moskvaya qayıtmağa qoymayaraq, hələ bir-iki gün də Xarkovda qalmağı, şəhəri birgə gəzib-dolanmağı təklif edir. Süleyman Y.Malışevin sözündən şıxa bilmir və onlar iki gün birlikdə istirahət etdikdən sonra bir yerdə Moskvaya qayıdırlar. İki gün dərsdən qalması isə Süleyman üçün “üzrlü” hesab edilir. Başqa cür ola da bilməzdi, axı kosmonavtla görüşmək, onunla dost kimi gəzib-dolanmaq xoşbəxtliyi hər adama nəsib olmur (Y.Malışevlə bağlı təəssüratlarını və fikirlərini yazıçı sonradan özünün tarixi romanı olan “And”da ətraflı qələmə alıb).

Yubilyarı təbrik etmək üçün xüsusi olaraq Rusiyadan, Özbəkistan və Tacikistandan da dostlar Sumqayıta təşrif buyurmuşdular

Çoxdan idi ki Sumqayıtda yazıçı-şair yubileyi belə təntənə ilə qeyd edilməmişdi. Respublikanın hər yerindən – Bakıdan, Lənkərandan, Masallıdan, Yardımlıdan, Gəncədən, Şəkidən də dostlar-tanışlar Süleyman Hüseynovu təbrikə yığışmışdılar. Rusiyanın Kaluqa şəhərindən olan dostları isə yubiley tədbirini gözləmədən şairin ad günü ərəfəsində Sumqayıta gəlmiş, onu ilk olaraq təbrik edib, son illər daha da gözəlləşmiş, abadlaşmış, füsünkarlığı ilə ürək açan, fərəh doğuran kimyaçılar və metallurqlar şəhərini, onun sahil bağlarını, bulvarını şairlə birgə doyunca gəzib-dolandıqdan sonra geri qayıtmışdılar.

…Sumqayıtın N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbiri ənənəvi, standart formada deyil, yazıçı-publisist  Hafiz İmamnəzərlinin ssenarisi əsasında xüsusi olaraq hazırlanan, Süleyman müəllimin ədəbi yaradıcılığının, şəxsiyyətinin, xarakteinin bəzi məqamlarını xüsusi ştrixlərlə diqqətə çatdıran, Azərbaycanın Əməkdar artisti İlahə Səfərovanın və aktyor Akif Mirzəyevin oynadıqları maraqlı səhnəciklə başladı.

Sonra respublikanın Əməkdar artisti Cəlal Məmmədov şeir və musiqi fraqmentləri ilə paralel şəkildə yubilyarın həyat yolu və yaradıcılğı haqqında maraqlı məlumatlar çatdırdı.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Süleyman Hüseynovun Sumqayıtın ictimai-siyasi həyatında, şəhər sənayesinin inkişafında xidmətlərini yüksək dəyərləndirərək, onu şəhər rəhbərliyi adından Fəxri fərmanla təbrik etdi və ona yeni yaradıcılıq uğurları arzuladı.

Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, Əməkdar jurnalist, yazıçı-publisist Eyruz Məmmədov, Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, respublika Yazıçılar Birliyinin nümayəndəsi şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Süleyman Hüseynovun poeziyası və nəsr əsərləri barədə fikirlərini söyləyərək, onu  təbrik etmiş, yubilyara xatirə hədiyyələri bağışlamış, yeni yaradıcılıq nailiyyətləri arzulamışlar.

Şairin Özbəkistan və Tacikistandan olan qonaqları, Moskvanın Xalq Təsərrüfatı Akademiyasında birgə təhsil aldıqları keçmiş tələbə dostları – Daşkənd “Sredazsvetmetenerqo” Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetskinin, Tacikistanın sabiq Müdafiə Sənayesi naziri, istefada olan general Qaforxon Muxiddinovun Süleyman Hüseynov barədə söylədikləri fikirlər və ona qiymətli hədiyyələr – portretinin toxunduğu  gözəl bir xalça, qızılı naxışlarla işlənmiş milli özbək geyimi, tac və xəncər bağışlamaları tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.

Tədbirdə Sumqayıt Dövlət  Dram  Teatrının aktyorları İlahə Səfərova və Oqtay Mehdiyev yazıçının Qarabağ mövzusuna həsr etdiyi “And” romanından maraq doğuran  dramatik səhnə nümayiş etdirmişlər. Respublika Aşıqlar Birliyinin üzvü Əfsanənin  ilhamla ifa etdiyi  saz havası yubiley məclisinə xoş ovqat bəxş etmişdir. Sonra şagirdlərin ifasında şairin şerləri, sözlərinə yazılmış mahnılar səsləndirilmişdir.

Sonda yubilyar Süleyman Hüseynov çıxış edərək, tədbirin təşkilatçılarına və bütün iştirakçılarına, qonaqlara təşəkkürünü bildirmiş, yeni şeirlərini oxumuşdur.

Rəhman ORXAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*