Bakıda və digər iri şəhərlərdə artan tıxaclar fonunda şəxsi avtomobildən istifadənin azaldılması və ictimai nəqliyyatın daha cəlbedici hala gətirilməsi yolları yenidən gündəmə gəlib. Dünyanın bir çox ölkəsində işəgötürənlər əməkdaşlarını ictimai nəqliyyatdan istifadəyə təşviq etmək üçün güzəştli və ya subsidiyalı gediş-gəliş kartları təqdim edir.
Bəs Azərbaycanda da müəssisələrin işçilərə belə dəstək göstərməsi gələcəkdə mümkün ola bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir modelin tətbiqi mümkündür, amma bunun üçün kompleks yanaşma və uzunmüddətli strategiya hazırlanmalıdır.

Onun sözlərinə görə, ictimai nəqliyyatdan istifadənin aşağı səviyyədə olması təkcə qiymət amili ilə bağlı deyil:
“Nəqliyyat sistemi daha əlçatan və rahat olmalıdır. İnsanların gündəlik gediş-gəlişi zamanı problemlər yaranmamalıdır.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, marşrut şəbəkəsinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması kimi məsələlər paralel şəkildə həll edilməlidir”.
İqtisadçı əlavə edib ki, dünyanın bəzi ölkələrində ictimai nəqliyyatın tamamilə ödənişsiz olduğu nümunələr də mövcuddur.
*Amma məsələ yalnız qiymətdə deyil. Rahat infrastruktur qurulmalı, insanların ictimai nəqliyyatdan istifadəsi cəlbedici hala gətirilməlidir.
Gələcəkdə şirkətlər tərəfindən subsidiyalı nəqliyyat kartlarının tətbiqi həm işçilərin gediş-gəliş xərclərinin aşağı düşməsinə, həm də şəhərlərdə avtomobil sıxlığının müəyyən qədər aradan qalxmasına töhfə verə bilər. Bununla yanaşı, bu cür təşəbbüslərin uğuru ictimai nəqliyyatın keyfiyyəti və əlçatanlığı ilə birbaşa bağlı olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
