Əzbərçiliyə əsaslanan təhsil modeli şagirdlərin müstəqil düşünmə, fikirlərini sərbəst ifadə etmə, analitik təhlil və ünsiyyət bacarıqlarının inkişafına mane olan əsas amillərdən biri kimi qiymətləndirilir. Müasir əmək bazarında isə artıq yalnız nəzəri biliklər deyil, həmin bilikləri praktikada tətbiq etmək, problemlərə çevik həll yolları tapmaq və fikrini əsaslandırmaq bacarığı da ön plana çıxır.
Bu baxımdan, universitetlərə qəbul zamanı yalnız test üsulundan istifadə edilməsi nə dərəcədə effektivdir? Qəbul imtahanlarına şifahi suallar, müsahibə və təqdimat mərhələsinin əlavə edilməsi zərurətə çevrilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Turan Hüseynov bildirib ki, qəbul imtahanlarında test üsulunun tətbiqini tamamilə yanlış yanaşma kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, genişmiqyaslı imtahanlarda test sistemi obyektivlik, şəffaflıq və bərabər qiymətləndirmə baxımından mühüm üstünlüklərə malikdir.

Ekspert qeyd edib ki, şifahi imtahanlarda eyni cavab müxtəlif qiymətləndiricilər tərəfindən fərqli dəyərləndirilə, abituriyentin həyəcanı, nitq üslubu və özünüifadə bacarığı nəticəyə təsir göstərə bilər. Test üsulu isə standart meyarlar əsasında qiymətləndirməyə imkan verir.
T.Hüseynovun fikrincə, əsas problem test üsulunun özündə deyil, sualların hazırlanma prinsipindədir:
“Əgər sual yalnız müəyyən faktın və ya qaydanın yadda saxlanılmasını tələb edirsə, burada əzbərçilik üstünlük qazana bilər. Ancaq sual bilikdən istifadə etməyi, məntiqi əlaqə qurmağı, təhlil aparmağı və nəticə çıxarmağı tələb edirsə, artıq həmin test şagirdin düşünmə bacarığını ölçür”.
Ekspert Dövlət İmtahan Mərkəzinin son illərdə tətbiq etdiyi açıq və bacarıq yönümlü tapşırıqları müsbət dəyişiklik kimi qiymətləndirib. Bildirib ki, bu cür suallar abituriyentdən yalnız düzgün cavabı seçməyi deyil, düşünərək nəticəyə gəlməyi də tələb edir.
O, xüsusilə xarici dil imtahanlarında dinləmə, oxuma və yazı bacarıqlarının qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, inşa və digər açıq tipli yazı tapşırıqları şagirdin fikrini formalaşdırmaq, arqumentlərini əsaslandırmaq və məntiqi ardıcıllıq qurmaq qabiliyyətini üzə çıxarır. Eyni zamanda, xarici dil üzrə şifahi danışıq imtahanlarının tətbiqi də real ünsiyyət bacarığının müəyyənləşdirilməsi baxımından məqsədəuyğundur.
Bununla belə, ekspert bütün qəbul imtahanlarının şifahi müsahibə formatına keçirilməsini düzgün hesab etmir. O, bildirib ki, xüsusilə on minlərlə abituriyentin iştirak etdiyi qəbul prosesində bu cür mərhələlərin təşkili ciddi maddi-texniki imkanlar, peşəkar qiymətləndiricilər və vahid meyarlar tələb edir.
T.Hüseynov hesab edir ki, ən optimal yanaşma test, açıq sual və bacarıq yönümlü qiymətləndirmə üsullarının bir-birini tamamlamasıdır. Bəzi ixtisaslarda isə namizədlərin peşəyə uyğun qabiliyyət və praktik bacarıqlarının müəyyənləşdirilməsi üçün əlavə qiymətləndirmə mərhələlərinin tətbiqi daha səmərəli ola bilər.
Ekspertin sözlərinə görə, qəbul imtahanlarında dəyişikliklərlə yanaşı, məktəblərdə tədris yanaşması da yenilənməlidir. Çünki uzun illər əzbərçiliyə əsaslanan metodlarla çalışan müəllimlərin bir qismi şagirdləri analitik düşünmə, problem həll etmə və bilikləri praktik situasiyalarda tətbiq etməyə hazırlamaqda çətinlik çəkir.
O, vurğulayıb ki, imtahan sistemi dəyişirsə, ona uyğun tədris modeli də formalaşdırılmalıdır. Əks halda məktəbdə bir yanaşma ilə dərs keçiləcək, qəbul imtahanlarında isə şagirdlərdən tamamilə fərqli bacarıqlar tələb olunacaq.
Beləliklə, müasir qəbul sisteminin əsas hədəfi yalnız abituriyentin nə qədər məlumat yadda saxladığını müəyyənləşdirmək deyil, həm də onun necə düşündüyünü, bildiklərini necə tətbiq etdiyini və fikirlərini hansı səviyyədə əsaslandıra bildiyini ölçmək olmalıdır. Test üsulunun analitik və situativ suallarla təkmilləşdirilməsi, uyğun ixtisaslarda isə şifahi və praktik qiymətləndirmənin tətbiqi bu istiqamətdə daha balanslı modelin formalaşmasına imkan verə bilər.
Aynurə İsmayıl
KONKRET.az
