Şamili hərəm üzvləri və ailəsi ilə birlikdə Peterburqa gətirdilər. Onu apararkən imperiyanın miqyasını görən imam heyrətə gəlmişdi. Yalnız indi kimə qarşı vuruşduğunu, hansı qüdrətli dövlətlə mübarizə apardığını tam anlamışdı.
Onu imperator sarayına gətirdilər. Ağ çalmalı Şamil təntənəli saray zalının ortasında dayanmışdı. Qarşısında arıq bədənli, yırtıcı quş dimdiyini xatırladan burnu və dar sifəti olan bir döyüşçü vardı. Yaşına və bədənindəki on doqquz yaraya baxmayaraq, o, həqiqi yaşından xeyli cavan görünürdü. Tünd sarı saçlarına yalnız azacıq dən düşmüşdü. Açıq rəngli, zərif dərili sifətini isə tünd qırmızı rəngə çalan, gur saqqalı əhatə edirdi.
Dörddə bir əsr ərzində bu adam Rusiyaya qan uddurmuşdu. Onun rəhbərliyi altında aparılan mübarizə imperiyanın Qafqazdakı hərbi qüvvələrinə ağır itkilər yaşatmışdı. Rusiya qoşunlarının yüz mindən çox əsgər itirdiyi bildirilirdi.
Bütün bunlara baxmayaraq, Şamil əsir düşdükdən sonra onu hansı aqibətin gözlədiyini bilmirdi. Verilən vədlərə rəğmən, Sibirə sürgün ediləcəyini, daş kisəyə salınacağını, yaxud xalq qarşısında edam olunacağını düşünürdü.
Lakin imperator II Aleksandrın münasibəti tamamilə fərqli oldu.
İmperator əsirini – uzun illər Rusiya ordusuna qarşı döyüşmüş bu böyük sərkərdəni hörmətlə qarşıladı və qucaqladı. Ona pul, eləcə də qara ayı dərisindən hazırlanmış bahalı kürk hədiyyə edilməsini əmr etdi. Şamilin həyat yoldaşları və uşaqları da imperatorun hədiyyələrindən pay aldılar.
Beləcə, Şamil imperatorun səxavəti qarşısında heyrətə gəldi. Onu silahla məğlub etmək mümkün olmuşdu, amma II Aleksandrın davranışı əsir imam üzərində tamam başqa cür təsir yaratmışdı. İmperator ona yalnız qalib kimi deyil, həm də böyük rəqibinə hörmət edən hökmdar kimi yanaşmışdı.
II Aleksandr Şamilin Kaluqaya göndərilməsini əmr etdi. Ailə üzvləri, oğulları və hərəm üzvləri də onunla birlikdə bu şəhərə yola düşdülər.
Şamilin həyat yoldaşları arasında gözqamaşdırıcı gözəlliyə malik dağ yəhudisi qadın da vardı.
İmperatora bildirmişdilər ki, Şamil həmin qadının gözəlliyinə heyran olaraq onu atasından zorla alıb. İndi isə qadının atasının və qardaşının müraciətini nəzərə alan imperator onun ata evinə qayıtmaq istəyib-istəmədiyini öyrənməyi tapşırdı.
Qadına seçim hüququ verildi. O isə gözlənilməz cavab verdi:
“Qafqazın hökmdarını tərk edə bilərdim, amma məğlub olmuş ərimi heç vaxt tərk etmərəm”.
Bu cavab Şamilin həyatında daha bir unudulmaz məqama çevrildi. İllərlə müharibə aparmış, dağlarda böyük imperiyaya meydan oxumuş imam indi məğlubiyyətin, əsirliyin və sədaqətin nə demək olduğunu başqa bir tərəfdən görürdü.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbə: “İmperatorun qətli. II Aleksandr və ya sirli Rusiya”
