Türkiyədə “TikTok”da slaym hazırlanması və halay (yallı) rəqsi yayımları ilə populyarlıq qazanan “hədiyyə iqtisadiyyatı”na qarşı 8 bölgədə eyni vaxtda keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb. MASAK (Maliyyə Cinayətləri İstintaq Şurası) araşdırması zamanı canlı yayımlar üzərindən həyata keçirilən çirkli pulların yuyulması trafikinin 1.9 milyard türk lirəsini keçdiyi məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir.
Son zamanlar “TikTok” başda olmaqla, müxtəlif canlı yayım platformalarında populyarlaşan “hədiyyə iqtisadiyyatı” yeni müzakirələrə səbəb olub. Belə ki, yoğurma, halay rəqsləri, sıra gecəsi (musiqi, ədəbiyyat, söhbət və yerli təamların birlikdə təqdim edildiyi ənənəvi xalq mədəniyyəti toplantısı), virtual pavilyon, dua və zikr dairələri kimi müxtəlif konseptlər üzərindən izləyicilərdən göndərilən virtual hədiyyələr yüksək gəlir mənbəyinə çevrilib və bu qazancın real miqyası suallar doğurub.
Ötən həftələrdə slaym hazırlayan cütlüyün yayımı təxminən 65 800 nəfər tərəfindən eyni vaxtda izlənilib və yayımın bir gecədə 3 milyon türk lirəsi qazandırdığı iddia edilib. Lakin cütlük bu iddianı təkzib edərək, ümumilikdə 140 000 jeton topladıqlarını bildiriblər ki, bu da təxminən 26 000 – 28 000 türk lirəsinə bərabərdir.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları hərəkətə keçib, Ankara da daxil olmaqla, 8 bölgədə – Antalya, Bursa, Manisa, İstanbul, Kahramanmaraş, Qaziantep və Hakkaridə eyni vaxtda keçirilən əməliyyatlar zamanı barələrində saxlanılma qərarı verilmiş 14 şübhəlidən 11-i saxlanılıb. Digər 3 şübhəlinin ələ keçirilməsi üçün işlər davam edir. Şübhəlilər haqqında qanunsuz mərc cinayətlərini tənzimləyən 7 258 saylı qanunla və cinayət gəlirlərinin yuyulması maddələri ilə məhkəmə prosesləri keçirilir.
Türkiyə Baş Prokurorluğunun açıqlamasına görə, metod belə olub: şübhəlilər canlı yayımda olan fenomenlərə ianə adı altında yüksək dəyərdə virtual hədiyyələr göndəriblər. Fenomenlər bu hədiyyələri nağd pula çeviriblər və “TikTok”un aldığı komissiya çıxıldıqdan sonra qalan məbləği şübhəlilərə nağd və ya bank köçürməsi ilə geri qaytarıblar.
İstintaqda, həmçinin müəyyən edilib ki, bəzi şübhəlilər əldə etdikləri pulların bir hissəsini zərgərlərdən zərgərlik məmulatları almaqla maliyyə sisteminə daxil etməyə cəhd göstəriblər və bunda məqsəd pulun xaricə çıxarılması olub.
MASAK tərəfindən aparılan 6 illik hesabat araşdırması zamanı isə şübhəlilər arasında ümumilikdə 1 milyard 928 milyon 362 min 722 lirə 98 kuruş məbləğində böyük pul hərəkəti olduğu aşkar edilib.
