Şuşada qələbə bayrağımızı sancmağa çox az qalıb – “Ali Baş Komandamızla qürur duyuruq!”backend

Şuşada qələbə bayrağımızı sancmağa çox az qalıb - "Ali Baş Komandanımızla qürur duyuruq!"

Adətən, ilin adamını müəyyənləşdirmək məqsədilə sorğular keçirilir, ictimai rəy öyrənilir. Amma sentyabrın 27-də ermənilərin ölkəmizə qarşı genişmiqyaslı hücuma keçməsindən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar və nümayiş etdirdiyi əzmkar davranış birmənalı surətdə dövlət başçısının sorğusuz-filansız İlin Adamı olduğunu sübut edir. Bu gün İlham Əliyevin necə yüksək reytinqə malik olmasını demək üçün hər hansı sorğunun keçirilməsinə ehtiyac belə yoxdur. Bütün əhali Ali Baş Komandanın əmri ilə xalqımızım özünümüdafiə hüququnu təmin etmək və torpaqlarımızı işğaldan azad etmək uğrunda Azərbaycan Ordusunun əks-hücuma keçdiyi xəbərindən həm həyəcanlandı, həm də Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı bu günlərdə hər qələbə tvitindən sonra bütün xalq Prezidenti və igid Azərbaycan əsgərini alqışlayır, kiçikdən böyüyədək hər kəsin dilindən İlham Əliyevin adı düşmür. Qeyd edək ki, bu cür gözəl münasibət heç də hər dövlət başçısına nəsib olmur. Tarixdə bütün xalqın hamılıqla və səmimi şəkildə “Təşəkkür edirik, cənab Prezident!”, “Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan” deyə minnətdarlıq etməsi çox nadir rast gəlinən hallardan biridir.

Buna təəccüblənmək lazım deyil. Çünki Azərbaycan xalqı son 30 ildə bu cür qürurlu anları və sevinci uzun həsrətdən sonra ilk dəfə ürək dolusu yaşayır. 1988-ci ildən ölkəmizin başının üstünü almış erməni fəlakəti hələ belə məğlubiyyətə uğramamışdı. Milli-azadlıq hərəkatı başlanandan xalqımız məkrli, xain, bədxah düşmənin qarşısında tək qalmışdı. 1989-cu ildə göstərdiyi mücadiləyə görə “ilin xalqı” adına layiq görülmüş millətimiz qəhrəmanlığı milli lidersiz olaraq göstərirdi. 1988-ci ilin soyuq payızında 19 gün Azadlıq meydanında mitinqlər keçirən, 20 Yanvarda  cinayətkar Qorbaçov və onun dəstəsinin göndərdiyi quldur ordusunun qarşısına əli yalın çıxan və Qarabağı tələb edən də xalqımız idi. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması da xalqımızın xidməti idi. Xalqımızın bir zəif həlqəsi vardı: Kremlə baxan, xalqın yanında olmayan, xalqın ruhunda və dilində danışmayan rəhbərlər. Zəif, miskin “rəhbərlər” yalnız müvəqqəti olaraq həmin kürsüdə otura bilirdilər. Onların ikisi də Moskvaya, sahib ağalarının yanına  qaçmalı oldular. Amma görkəmli dövlət xadimi Heydər Əliyev bütün təhdidlərə baxmayaraq Moskvadan Vətənimizə, xalqımızın yanına döndü.

Xalqımız müstəqillik zamanı siyasi iradənin və qətiyyətin nə olduğunu ilk dəfə Heydər Əliyevin hakimiyyəti dönəmində gördü. 1994–1995-ci illərin dramatik hadisələrinin gedişində Heydər Əliyev heç kimdən və heç nədən qorxmadı, xalqa baş verənləri açıq söylədi, xalqa söykəndi, dövlətimizi baş verə biləcək fəlakətdən qorudu, iqtisadi inkişafın, ordu quruculuğunun əsasını qoydu.

Bu günlərdə Prezident İlham Əliyevin əsl sərkərdəyə və siyasətçiyə məxsus keyfiyyətlər nümayiş etdirməsi məhz Heydər Əliyev məktəbini keçməsindən qaynaqlanır. Müzəffər Ordumuzun torpaqlarımızı qarış-qarış azad etməyə başlaması üçün Azərbaycan Prezidenti öncə bütün dünyaya Azərbaycan xalqını sülhpərvər, nəcib, tolerant, mültikultural, mərhəmətli, xeyirxah xalq kimi tanıtdı, zəngin tarixə, ədəbiyyata, mədəniyyətə və incəsənətə malik olduğunu nümayiş etdirdi. Azərbaycana musəvi, xristian və müsəlman dövlətləri arasında böyük hörmət qazandırdı. Ən əsası, erməni lobbisinin Azərbaycan və azərbaycanlılar haqqında yaratdığı mənfi imici darmadağın etdi. Bu siyasətin nəticəsidir ki, vaxtilə bizi fələstinlilərlə müqayisə edənlərin bədbin proqnozları fiaskoya uğradı. Məhz İlham Əliyevin düşünülmüş, səmimi siyasəti nəticəsində indi bizi təkcə qardaş Türkiyəmiz deyil, İsrail, İtaliya, Ukrayna, Latviya, Litva kimi dövlətlər də müdafiə edir. Yəhudi dostlarımız Azərbaycan xalqını bütün dünyada dostluğa sadiq, irqindən, dinindən, dilindən asılı olmayaraq bütün millətlərə nəcibliklə yanaşan, antisemitizmdən uzaq olan xalq kimi səciyyələndirirlər.

Amma bu uğuru qazanmaq elə də asan olmayıb. Yəqin cəmiyyətimizdə az adam bilir ki, böyük siyasətçi Heydər Əliyev iri dövlətlərin Dağlıq Qarabağı ermənilərə vermək tələbini rədd edib. Dəfələrlə. Hətta 2001-ci ilin yayında Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə çox kəskin danışması, az qala onlara qapını göstərməsi barədə jurnalist cameəsində xəbər yayılmışdı. Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu yüksək kürsülərdən bütün dünyaya çatdırmışdı.

“TRT Haber”ə müsahibəsində Prezident İlham Əliyev də böyük siyasətçi olan atasına Dağlıq Qarabağla bağlı təzyiqləri yada saldı, amma onun bu basqılara baş əymədiyini böyük fəxarət və qürur hissi ilə söylədi.

Bu gün də xalqımız öz milli lideri İlham Əliyevlə qürur duyur. Həmin qüruru Prezident Ermənistan rəhbərləri Sarkisyanı və Paşinyanı bütün dünyanın gözü qarşısında zavallı və aciz duruma salanda xalqımıza yaşatmışdı. Hər kəs İlham Əliyevin dövlət başçısı kimi üstünlüyünə, peşəkarlığına və səmimiyyətinə şahid olmuşdu. Amma 12 iyul Tovuz hadisələri və 27 sentyabr əks-hücumu zamanı dövlət başçımızın xalqımıza müraciətində hər şeyi açıq danışması, ermənilərin havadarları ilə birlikdə hazırladıqları planları ifşa etməsi cəmiyyətimizdə böyük razılıqla qarşılandı. Hər kəs anladı ki, söhbət dövlət müstəqilliyimizin təhlükə qarşısında olmasından gedir. Odur ki, iqtidarlı-müxalifətli bütün qüvvələr dövlət başçımızın ətrafında bir yumruq kimi birləşdi, bütün dünyanın gözləri qarşısında yekdillik nümayiş etdirdi.

27 sentyabrdan sonra Ali Baş Komandanın əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusunun ön cəbhə xəttini yarması, dalbadal qələbələr qazanması xalqımızın sevincinə səbəb olub. Azərbaycan bayrağının Cəbrayılda, Suqovuşanda, Murovdağ yüksəkliyində dalğalanması iqtidarlı-müxalifətli bütün qüvvələri ruhlandırıb. Üstəlik, Azərbaycan Prezidentinin xalqa müraciətlərində dediyi fikirlər, dünyanın aparıcı televiziya kanallarına müsahibələrində Ermənistana, onun havadarlarına ünvanladığı soyuqqanlı, müdrik, diplomatik cavablar xalqımızın ürəyini dağa döndərib, Azərbaycanda və Türkiyədə böyük rəğbətlə qarşılanır. Türkiyədə yaşayan əzizlərimiz, soydaşlarımız çoxdandır belə sevinc duymadıqlarını söyləyirlər. Onlar Türkiyənin tv-lərində çıxış edən tanınmış ekspertlərin İlham Əliyevin və Azərbaycan Ordusunun ünvanına söylədikləri xoş sözlərdən qürurlandıqlarını, dövlətimizlə, xalqımızla, ordumuzla fəxr etdiklərini, Türkiyə–Azərbaycan birliyinin indiki səviyyəyə qalxmasını çoxdan arzuladıqlarını bildirirlər. Bu gün Azərbaycan və Türkiyənin əslində “tək millət, tək dövlət” kimi hərəkət etməsi dostları sevindirir, düşmənlərimizi qəhr edir.

Bu fəxarəti bizə Ali Baş Komandanımız, Ordumuz və övladlarını müharibəyə ürəklə yola salan, düşmənin raket zərbələrindən qorxmayan xalqımız yaşadır. Bu isə o deməkdir ki, İlin Adamı – İlham Əliyev, İlin Ordusu – Azərbaycan Silahlı Qüvvələri, İlin Xalqı isə Azərbaycan xalqıdır! Bunu dost da gördü, düşmən də!

Gələn il Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasının 30 illiyi tamamlanacaq. Dağlıq Qarabağın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu əlamətdar yubileyə Azərbaycan Prezidentinin və Ordumuzun misilsiz hədiyyəsi ola bilər.

İndi isə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən il nikbinliklə söylədiyi “Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq” bəyanatı özünü doğrultmaqdadır. Bu gün qəhrəman əsgər və zabitlərimiz aldıqları hər kəndə, şəhərə və yüksəkliyə üçrəngli, aylı-ulduzlu Azərbaycan bayrağını taxmaqdadır.

Yeri gəlmişkən, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini yola salarkən Prezident İlham Əliyevlə maraqlı dialoqun baş verdiyini söyləyib. Ş.Ayrımın “ən qısa zamanda Qarabağın azad ediləcəyi” arzusuna cavab olaraq İlham Əliyev Qarabağa Azərbaycan bayrağını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə sancacaqlarını deyib.

Türkyədə çox sevdiyimiz “İzmir marşı” tez-tez ifa olunur. Həmin marşda böyük sərkərdə Mustafa Kamal Atatürkə həsr olunmuş belə misralar var:

“Yaşa, Müstafa Kamal Paşa! Yaşa!

Adın yazılacaq mücevher taşa”.

Bu sözləri indi İlham Əliyevin də ünvanına demək məqbuldur. Cənab Prezident, adınız müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi mücevher taşa əbədi həkk olunacaq!

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*