SVMDA-dan uşaqlara dəstək: Toplanan vəsait mərkəzə təqdim edildibackend

SVMDA-dan uşaqlara dəstək: Toplanan vəsait mərkəzə təqdim edildi

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

2026-cı il mayın 29-da Qazaxıstanın Akmola vilayətinin Akköl şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (SVMDA) Katibliyinin nümayəndə heyəti xüsusi sosial xidmətlərə ehtiyacı olan uşaqlara dəstək mərkəzini ziyarət edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, səfər çərçivəsində 2026-cı il aprelin 26-da Astanada SVMDA-nın mənzil-qərargahında keçirilmiş Yaz Xeyriyyə Yarmarkası zamanı toplanmış vəsaitlərin mərkəzə təqdim olunması mərasimi baş tutub.

Bildirilib ki, bu təşəbbüs təşkilatın fəaliyyət istiqamətinin məntiqi davamıdır. Diplomatik korpusu, beynəlxalq tərəfdaşları və ictimaiyyəti ümumi xeyirxah məqsəd ətrafında birləşdirən SVMDA hökumətlərarası səviyyə ilə yanaşı, xalqlar arasında da qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və “xalq diplomatiyası”nın praktik nümunəsini nümayiş etdirir.

Tədbirdə çıxış edən SVMDA Baş katibinin müavini Çjan Lin bildirib ki, xeyriyyə aksiyasının reallaşması paytaxtın diplomatik ictimaiyyətinin həmrəyliyi sayəsində mümkün olub. Təşəbbüsə Azərbaycan, Çin, Hindistan, Rusiya, Tacikistan, Belarus, Özbəkistan, Pakistan, İordaniya, Serbiya, Tailand, Şimali Makedoniya, İndoneziya və Türkmənistan səfirlikləri fəal dəstək göstəriblər.

Onun sözlərinə görə, yardımın yay düşərgəsinə yönəldilməsi uşaqların bu mövsümdə konkret fayda əldə etməsinə imkan verəcək. Çjan Lin gələcəkdə yarmarkanın ənənəyə çevriləcəyinə və Qazaxıstanın müxtəlif bölgələrində daha geniş yardım layihələrinin həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

Akmola Vilayəti Təhsil İdarəsinin rəhbərliyi isə SVMDA Katibliyi ilə səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, yarmarkanın hazırlanması mərhələsində qurulan əməkdaşlıq artıq uşaqlara real dəstək formasında öz nəticəsini verir.

Mərkəzin direktoru Botaqöz Kazbekova bildirib ki, ayrılan vəsait ərazinin abadlaşdırılması ilə bağlı aktual məsələlərin həllinə imkan yaradacaq. Onun sözlərinə görə, maliyyə dəstəyi həm məişət şəraitinin yaxşılaşdırılmasına, həm də yay düşərgəsinin təhlükəsizlik perimetrinin möhkəmləndirilməsinə sərf olunacaq.

Səfər çərçivəsində SVMDA nümayəndə heyəti uşaq mərkəzinin fəaliyyəti ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıb və onların musiqi çıxışlarını izləyib.

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*