“Əvəz Zeynallıda metastatik yoğun bağırsaq xərçəngi aşkar olunub. Onkoloji qaydalara görə son mərhələdir. Düzgün müalicə olunmalıdır”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl məlumat verib.
O bildirib ki, qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin şişdən qurtulması mümkündür. Lakin düzgün müalicə lazımdır.
Vasif İsmayıl
Həkim Əvəz Zeynallıya qaydalara uyğun müalicə olunmasına şərait yaradılması üçün müraciət edib:
“Əvəz Zeynallıda metastatik yoğun bağırsaq xərçəngi aşkar olunub.
Onkoloji qaydalara görə son mərhələdir.
Amma…müalicəsi var!
Qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin deyil ömrünün uzanmasını, ümumiyyətlə şişdən qurtulmasını görmüşəm mi?
Görmüşəm!
Dəfələrlə!
Lakin….düzgün müalicə lazımdır.
Bu dəqiqə belə həbsxanada müalicə etdiyim 2 onkoloji xəstə var. Bəzən sadə MRT lazım olur, inanın, aylarla qapı-qapı gəzirlər. Doğrudur, ömürlük məhbus da var….Asan deyil. Əməliyyat edərkən başımda keşik çəkən ədliyyə işçiləri şahiddirlər.
Amma həbsxana insan öldürmək yeri deyil. Vicdanımız qəbul etməz.
Əvəz Zeynallıya qaydalara uyğun müalicə olunması üçün şərait yaradılsın. Xahişim budur”, – həkim sosial şəbəkə hesabında paylaşımında qeyd edib.
Xatırladaq ki, Əvəz Zeynallıda onkoloji xəstəlik aşkarlanıb. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında paylaşmışdı. O bildirmişdi ki, bağırsaqda aşkarlanan bədxassəli şiş artıq qaraciyərə metastaz verib və Ə. Zeynallının kimyəvi terapiya müalicəsinə başlanılması planlaşdırılır.