Türkiyənin ən böyük hava limanlarından birində sərnişin təyyarəsinin quru idarəetmə avadanlığı ilə toqquşması nəticəsində qəza vəziyyəti yaranıb. İstanbul-Antalya reysini yerinə yetirən “Turkish Airlines” (THY) aviaşirkətinə məxsus nəhəng sərnişin layneri enişdən sonra aeroportun infrastrukturuna ciddi ziyan vurub.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, THY-nin İstanbuldan gələn və göyərtəsində 267 sərnişin daşıyan “Boeing 777” tipli təyyarəsi Antalya hava limanına uğurlu eniş etdikdən sonra parklanma zonasına doğru hərəkət edib. Bu zaman təyyarənin sağ qanadı yerüstü radar sisteminin antenna dirəyinə (hava hərəkətinə nəzarət lokatoruna) çırpılıb. Güclü zərbənin təsirindən radar dirəyi tamamilə sıradan çıxıb, təyyarənin qanad hissəsi isə ciddi zədələnib.
Hadisə şahidi olan sərnişinlərin sözlərinə görə, toqquşma anında salonda güclü silkələnmə baş verib, daxili panellərdən biri qopub. Bu qəfil vəziyyət salonda böyük panika və ajiotaja səbəb olub, bəzi sərnişinlər əsəb sarsıntısı keçiriblər.
Aviaşirkətin rəsmi bəyanatına əsasən, qəza nəticəsində cəmi bir nəfərin yüngül bədən xəsarətləri aldığı və ona dərhal ilkin tibbi yardım göstərildiyi bildirilir. Türkiyə Mülki Aviasiya Baş İdarəsi faktla bağlı genişmiqyaslı araşdırmalara başlayıb.\\nocomment.az
