“Tehranda Azərbaycan səfirliyinə edilən hücum birmənalı olaraq İran təhlükəsizlik orqanlarının əl işidir”.
Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, hücumun arxasında ya “Bəsic”, ya “Əl Qüdsi”, ya da “SEPAH” dayanır. Bunlardan başqası mümkün deyil: “Dünyada “SEPAH”dan da çox terror törətmək təcrübəsi olan “Əl Qüdsi” təşkilatıdır. Bu təşkilatın 15 minə yaxın üzvü var. Onlar dünyanın hər yerində terror törətməklə məşğuldurlar”.
Cümşüd Nuriyev bu terror hücumu ilə İranın Azərbaycana bir neçə mesaj vermək istədiyini dilə gətirib: “Birincisi, ərazi Azərbaycanındır. Onlar istənilən vaxt ərazimizə keçib istədiklərini edə biləcəkləri haqda mesaj göndərirlər. İkincisi, Azərbaycana siyasi təzyiq göstərməyə çalışırlar. Məqsəd də ondan ibarətdir ki, İran Azərbaycanın onun qarşısında yox, yanında olmasını istəyir. Üçüncüsü, İran XİN rəhbəri Ceyhun Bayramovla görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdi. Əgər belə bir bəyanatdan iki gün sonra Azərbaycan səfirliyinə hücum olursa, demək İran saxtakarlıqla məşğuldur. Deməli, bu hücum əvvəlcədən hazırlanmış təxribatdır. Dördüncüsü, bu hücum Ermənistan məsələsinə görə baş verib. Paşinyanın dünənki sərsəm fikirlərindən sonra Azərbaycan səfirliyinə hücum baş verdi. Artıq Ermənistan hərbi ritorikaya keçib və bizi hədələyir. Azərbaycanı Üçüncü Qarabağ Müharibəsinə təhrik edir. Onlar elə fikirləşirlər ki, yeni müharibə baş versə, nə isə əldə edə biləcəklər. Həm İran burada qızışdırıcı statusdadır, həm də Rusiya hərbi elitası müharibədə maraqlıdır. Rusiya düşünür ki, Azərbaycan və Ermənistan müharibəsi başlasa, Kreml Paşinyanı hakimiyyətdən devirərək Vardanyanı gətirə biləcək. Yəni Azərbaycanın əli ilə Ermənistanda çevriliş etmək istəyirlər. Amma 44 günlük müharibə səviyyəsində döyüşlərin baş verəcəyinə inanmıram, yalnız Azərbaycan antiterror əməliyyatları keçirə bilər”.

Politoloqun sözlərinə görə, səfirliyimizə edilən hücumla bağlı Xarici İşlər Nazirliyi İrana NOTA verməlidir: “İkincisi, Azərbaycan parlamenti müraciət qəbul etməlidir. Dünya parlamentlərinə müraciət ünvanlanmalıdır. Üçüncüsü, Azərbaycan Müdafiə Nazirliyi açıq şəkildə hazırlıq görməlidir. Çünki gücə güclə cavab vermək lazımdır. Onlar fikirləşirlər ki, Türkiyə seçkilərə hazırlaşdığından bu cür təxribatlara reaksiya verməyəcək. Ona görə də, Azərbaycanı bu yolla qorxutmaq istəyirlər. Amma biz geri çəkilməməli, əksinə İranın Azərbaycanı təxribata çəkməsi ilə bağlı dünyaya müraciət etməliyik. Onsuz da İrana qarşı kifayət qədər sanksiyalar tətbiq olunur. Azərbaycan bundan maksimum dərəcədə yararlanmalıdır. Eyni zamanda səfirliyimizə edilən hücumda diplomatik toxunulmazlıq pozulduğuna görə, BMT yanında Beynəlxalq Məhkəməyə müraciət etməliyik. Bir sözlə, hərtərəfli mübarizəyə qoşulmalıyıq. Çünki bizim başqa yolumuz qalmayıb. Əgər susqunluq nümayiş etdirsək, yaxşı heç nə əldə olunmayacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
