Teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRARbackend

Teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR

Tanınmış televiziya aparıcısı Humay Muxtarova “TikTok” sosial şəbəkəsində onun barəsində xoşagəlməz ifadələr yazmaqda iddia etdiyi şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, aparıcı bu barədə Gəncə Şəhər Məhkəməsinə müraciət edib.

Xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması zamanı sosial şəbəkələrdə səsləndirildiyi iddia olunan ifadələr, paylaşılmış videogörüntülər və tərəflər arasında yaranmış mübahisələr hüquqi müstəvidə qiymətləndirilib.

İş materiallarına əsasən, xüsusi ittihamçı Humay Muxtarova tərəfindən məhkəməyə müraciət edilərək Ayşən adlı qadının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan), 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona sanksiya çərçivəsində yuxarı həddə cəzanın təyin edilməsi xahiş olunub.

Məlumata görə, ilkin olaraq şikayət üzrə materiallar aidiyyət məsələsinin həlli məqsədilə araşdırılıb. Abşeron Rayon Məhkəməsinin müvafiq qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Xüsusi ittihamçı şikayətində bildirib ki, Ayşən tərəfindən sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında aparılan canlı yayımlar zamanı onun və 23 yaşlı qızının ünvanına davamlı şəkildə təhqir, böhtan və etik normalara zidd ifadələr səsləndirilib.

Şikayətdə qeyd olunub ki, xüsusi ittihamçı uzun illər televiziya sahəsində fəaliyyət göstərib, müxtəlif dövlət mükafatlarına layiq görülüb və ictimai fəaliyyəti ilə tanınır.

Bildirilib ki, 2025-ci ilin mart ayında İ.İ (adı, soyadı şərtidir) ilə tanış olub, aprel ayında isə onun təxminən 5 ay əvvəl ayrıldığı Ayşən adlı qadın ona “TikTok” platforması vasitəsilə mesaj yazıb. Aralarında sakit şəkildə yazışma olduğu və sonradan mübahisə yarandığını söyləyib.

İddialara əsasən, qarşı tərəf sosial media platformalarında yarım milyondan artıq izləyicisi olan canlı yayımlar vasitəsilə xüsusi ittihamçı Humay Muxtarovanın şərəf və ləyaqətini alçaldan, onun ictimai nüfuzuna xələl gətirən ifadələr işlədib. Həmçinin xüsusi ittihamçının qızı barədə həqiqətə uyğun olmayan, ağır xarakterli ittihamların səsləndirildiyi, onun guya insan alveri və qadın satışı ilə məşğul olduğuna dair cinayət xarakterli əməllərlə əlaqələndirilməsi barədə əsassız fikirlərin bildirildiyi qeyd edilib.

Şikayət materiallarında xüsusi ittihamçı tərəfindən məhkəməyə çoxsaylı videogörüntülər təqdim olunub. Həmin videolarda qarşı tərəfin müxtəlif vaxtlarda etdiyi canlı yayımlardan parçaların yer aldığı, burada xüsusi ittihamçının ünvanına təhqiredici ifadələr, böhtan xarakterli ittihamlar, hədə-qorxu və psixoloji təzyiq elementləri daşıyan fikirlərin səsləndirildiyi iddia olunub.

Humay Muxtarova deyib ki, yayımlarda onun guya insan alveri ilə məşğul olması, dələduzluq etməsi, qızını qeyri-qanuni fəaliyyətlərə cəlb etməsi kimi fikirlər səsləndirilib. Onun sözlərinə görə, bu iddialar tamamilə əsassız olmaqla yanaşı, həm şəxsi nüfuzuna, həm də blogger və model kimi fəaliyyət göstərən qızının ictimai imicinə ciddi zərər vurub.

Şikayətdə həmçinin qeyd olunub ki, davamlı xarakter alan bu paylaşımlar və çıxışlar nəticəsində xüsusi ittihamçının psixoloji vəziyyətində problemlər yaranıb, fəaliyyətinə, o cümlədən mərasim aparıcısı kimi peşə fəaliyyətinə mənfi təsirlər göstərib.

Məhkəmə iclasında Humay Muxtarovanın nümayəndəsi şikayəti tam müdafiə edərək bildirib ki, videogörüntülərdə səsləndirilən fikirlərdə şəxsin insan alveri kimi ağır cinayətlərlə əlaqələndirilməsi halları mövcuddur və bu, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan böhtan tərkibi yarada bilər.

Nümayəndə vurğulayıb ki, təqdim edilmiş videogörüntülərdəki ifadələr ümumilikdə təhlil edildikdə böhtan və təhqir elementləri müşahidə olunur və bu səbəbdən şikayətin icraata qəbul edilməsini xahiş edib.

Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Ayşən isə məhkəmədə verdiyi ifadəsində ittihamlarla razılaşmayıb. O bildirib ki, məhkəməyə təqdim edilmiş videogörüntülər əsasən Gəncə şəhərindəki yaşayış yerində çəkilib və həmin videolarda səsləndirdiyi “Humay” adlı şəxsin xüsusi ittihamçı olması barədə iddialar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, xüsusi ittihamçını şəxsən tanımayıb, onunla görüşü və ya telefon əlaqəsi olmayıb. Bu səbəbdən o, şikayətin icraata qəbul edilməməsini istəyib.

Müdafiə tərəfi də çıxışında qeyd edib ki, videolarda səsləndirilən ifadələrin birbaşa xüsusi ittihamçıya aid edilməsi mümkün deyil. Həmçinin müdafiəçi söyləyib ki, həmin ifadələrin hüquqi baxımdan təhqir hesab olunub-olunmaması yalnız məhkəmə linqvistik ekspertizasının rəyi ilə müəyyən edilə bilər.

Məhkəmə tərəflərin izahatlarını, təqdim olunmuş videogörüntüləri və şikayət materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlib ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin mövcud vəziyyətdə məhkəmə icraatına qəbul edilməsi üçün prosessual əsaslar yaranmayıb.

Nəticədə məhkəmə qərara alıb ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*