Tələbələrə ŞAD XƏBƏR: Qəbul imtahanlarında sualların sayı azaldıla və sadələşdirilə bilərbackend

Tələbələrə ŞAD XƏBƏR: Qəbul imtahanlarında sualların sayı azaldıla və sadələşdirilə bilər

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, blok imtahanlarında sualların sayının çoxluğu, fənlərin genişliyi və imtahanların mərhələli keçirilməsi abituriyentlər üçün əlavə yük və psixoloji gərginlik yaradan əsas amillər kimi qiymətləndirilir.

Bəs blok imtahanlarında sualların sayının azaldılması və ümumilikdə imtahan modelinin sadələşdirilməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, gələcək illərdə qəbul imtahanı modelində müəyyən yeniliklərin tətbiqi mümkündür.

Təhsil eksperti Elçin Əfəndi: “Evdə hazırlamaq üçün verilən çoxsaylı  tapşırıq şagirdlərin erkən yaşda repetitora ehtiyacın artırmağa yarayır”

“Əsas məqsəd daha optimal və effektiv qiymətləndirmə sisteminin formalaşdırılmasıdır. Mövcud 30 sual əvəzinə 20-25 sual üzərindən abituriyentlərin qiymətləndirilməsi daha məqsədəuyğun hesab oluna bilər.

Bu məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan birgə işçi qrup vəziyyəti araşdırır və mümkün qərarlar üzərində müzakirələr aparılır. Bununla belə, hazırda blok imtahanlarının qaydalarında hər hansı rəsmi dəyişiklik yoxdur və onlar mövcud qaydalara uyğun keçirilir”.

Elçin Əfəndi əlavə edib ki, dəyişikliklərin əsas istiqamətlərindən biri də imtahanların optimallaşdırılmasıdır.

“Belə ki, buraxılış və blok imtahanlarının ayrı-ayrılıqda keçirilməsi abituriyentlər üçün əlavə psixoloji gərginlik yaradır. Bu səbəbdən imtahanların birləşdirilərək vahid formada və bir dəfə keçirilməsi daha məqsədəuyğun hesab edilir. Fənlərin sayının azaldılması və imtahan modelinin sadələşdirilməsi gələcəkdə daha balanslı və effektiv qiymətləndirmə sisteminin formalaşmasına gətirib çıxara bilər. Lakin bu dəyişikliklərin tətbiq vaxtı hələlik məlum deyil və qərar aidiyyəti qurumların yekun rəyindən sonra bəlli olacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*