“Terrorçunun məqsədi Azərbaycanın səfirini öldürmək olub” – Türkiyəli ekspertdən ŞOK AÇIQLAMAbackend

“Terrorçunun məqsədi Azərbaycanın səfirini öldürmək olub” – Türkiyəli ekspertdən ŞOK AÇIQLAMA

Bu gün Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror aktına demək olar ki, bütün dünya dövlətlərindən reaksiya verilib. Baş verən hadisə pislənərək, İran hökumətinin bu hadisə ilə bağlı detallı araşdırma aparmasının vacibliyi vurğulanıb.

Baş verən hadisə ilə bağlı KONKRET.az-a danışan türkiyəli jurnalist Orhan Sarıkaya Azərbaycanın Tehrandakı səfirliyinə edilən mənfur və xain hücumu pisləyib: “Şəhidimizə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, xəsarət alan mühafizə dəstəsinin üzvlərinə isə şəfa diləyirəm. Hadisənin necə baş verdiyinə nəzər saldıqda bu terror aktının planlaşdırıldığı görünür. Çünki görüntüləri araşdırdıqda aydın olur ki, terror aktını törədən şübhəli şəxs Kalaşnikov avtomatı ilə otağa soxulur və atəş açır. Buradan terrorçunun əvvəlcədən hücuma hazırlaşaraq otağa girdiyi anlaşılır. Çünki normal şəraitdə heç kim Kalaşnikov avtomatı ilə gəzmir. Görünən odur ki, həmin şəxsin məqsədi içəridəki hər kəsi, o cümlədən Azərbaycanın səfirini öldürmək olub. İndiki mərhələdə terror aktını törədən şəxsin kimlərlə əlaqə saxlaması, bu terror aktını hansı məqsəd və ya hədəflə həyata keçirməsi İran hakimiyyəti tərəfindən dərhal araşdırmalı, ictimaiyyətə, xüsusilə də Azərbaycan hökuməti və dövlət başçısına  məlumat verilməlidir”.

Türkiyəli ekspert bu iyrənc və xəyanətkar hücumun Azərbaycan səfirliyinin giriş məntəqəsinin təhlükəsizliyinin yaxşı təmin olunmadığını üzə çıxardığını bildirib: “Çünki təhlükəsiz ölkə imici yaradılan İranda belə bir terror aktının olmayacağını nəzərə alaraq səfirliyin girişində əlavə təhlükəsizlik məntəqəsi yaradılmayıb. Bu isə terrorçuya qapını açaraq səfirliyin içərisinə birbaşa daxil olmağa imkan yaradıb. Çünki səfirliyin qapısı birbaşa yola açılır. İran Azərbaycan hökuməti tərəfindən təhlükəsiz ölkə kimi tanınsa də, terror aktlarının hər bir ölkədə hər an baş verə biləcəyi nəzərə alınmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*