“Terrorçuya İran xüsusi xidmət orqanlarının əməkdaşları kömək edib” – MÜSAHİBƏbackend

"Terrorçuya İran xüsusi xidmət orqanlarının əməkdaşları kömək edib" - MÜSAHİBƏ

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycanın İrandaki səfirliyinə silahlı hücumla bağlı kifayət qədər sərt bəyanat yayıb. Mövzunun aktuallığını nəzərə alıb Milli Məclisin II çağırış deputatı, fondun prezidenti Əliməmməd Nuriyevlə əlaqə saxladıq.

KONKRET.az müsahibəni oxucularına təqdim edir:

– Əliməmməd bəy, bəyanatla bağlı fikirlərinizi bilmək istərdik.

– Biz hesab edirik ki, İranda Azərbaycan səfirliyinə olan silahlı hücum təşkil olunmuş və əvvəlcədən planlaşdırılmış terror aktıdır. Eyni zamanda bizim düşüncəmiz ondan ibarətdir ki, terror aktının həyata keçirilməsində “İran İslam Respublikası” adlı ölkənin xüsusi xidmət orqanlarının da prosesdə iştirakı olub. Ən yumşaq halda isə bu cinayətin törədilməsi zamanı İran polisi laqeydlik nümayiş etdirir. Bununla da onlar görüntü yaratamağa çalışırlar ki, cinayəti həyata keçirən şəxs sıradan biridir. İranda İslam Keşikçiləri korpusunun könüllüləri var. Onlardan nəticə etibarilə siyasi aktivlərə, etirazçılara qarşı, bir çox hallarda isə xarici ölkələrdəki səfirliklərə qarşı terror aktlarının həyata keçiriliməsində istifadə edirlər.

– Terror aktının həyata keçirilməsindən təxminən 3 saat sonra terrorçunun İran televiziyasına müsahibə verməsini nə cür qiymətləndirirsiniz?

– Əlbəttə, bu, elə İran tərəfinin özü üçün rüsvayedici bir faktdır. Belə ki, istintaq prosesi nəinki başa çatmadan, hətta başlanmadan bir terrorçunun televiziya ekranlarına çıxarılıb danışdırılması, deyərdim ki, bütün dünyada yalnız İran bu “təcrübə”yə sahibdir. Eyni zamanda bu terror aktının ailə-məişət zəminində baş verməsi görüntüsü yaratmağa İran tərəfinin etdiyi cəhddir. Hansı ki, bu cinayətdən əvvəl də İranın rəsmi şəxsləri  Azərbaycanı hədələyirdi və hesab edirik ki, bu təhdidlərin özü də Azərbaycan səfirliyinə edilən hücumun həyata keçiriliməsinə zəmin yaradırdı. Bir də bir şeyə diqqət çəkmək istərdim ki, səfirliyimizə terror aktı həyata keçirilən gün, məhz yəhudilərə qarşı soyqırım günü həyata keçirilib. Bu, bir növ Azərbaycanla İsrail arasında mövcud münasibətlərin də təhdid olunması kimi də dəyərləndirilməlidir.

– İsraillə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı cəmiyyətdə ciddi müzakirələr gedir.

– Bilirsiniz, hələ 2004-cü ildə parlamentin üzvü olarkən İsraildə səfirliyimizin açılması zərurətini ilk səsləndirən şəxslərdən biri olmuşam. İndi sevinirəm ki, hazırda İsraildə səfirlik açılması məsələsi həllini tapıb və əlaqələrimiz gündən-günə inkişaf edir. Xüsusilə qeyd etməliyəm ki, Yəhudi dövləti ilə münasibətlərimiz bütün sahələri əhatə edir. Ümumiyyətlə, İran Azərbaycana həm diplomatik, həm də terror dili ilə hədə-qorxu gəlir. Qonşu dövlət nəyə nail olmaq istəyir, bu, bəllidir. Amma qısa olaraq deyim ki, İran təkcə bizimlə yox, terror dövləti olan Ermənistan istisna olmaqla regionda bütün qonşuları ilə, hətta son zamanlar bütün dünya ilə məhz terrorla təhdid dili ilə danışır. Bu isə o anlama gəlir ki, İİR-nın daxili və xarici siyasətinin mahiyyətini, əsasən, terrorla təhdid təşkil edir. Bizim İsrailllə bütün sahələrdə əməkdaşlığımız dünya və region üçün təhlükə olan İrana böyük maneə olacaq. Bu baxımdan rəsmi Təl-Əvivlə əlaqələr daha da genişləndirilməlidir.

Şamil Səmədoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*