“Tofiq Yaqublu məsələsi bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” – DEPUTATbackend

"Tofiq Yaqublu məsələsi bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır" - DEPUTAT

Xəbər verdiyimiz kimi Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbirini dəyişdirib. Məhkəmənin qərarı ilə Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən deputat Elman Nəsirov bildirib ki, bu, Azərbaycan dövlətinin humanist siyasətinin nəticəsidir:

“Tofiq Yaqublu konkret cinayət işi ilə bağlı həbs edilən zaman da, səhhətində müəyyən problemlər yaranan zaman da, təcridxananın özündə də onun üçün lazım olan bütün şərait yaradılmışdı. Eyni zamanda ombudsman Səbinə Əliyeva onu ziyarət edib, üzləşdiyi çətinliklər ilə maraqlandı. Ən önəmlisi, vəkili istədiyi zaman onun yanına gedirdi. Eləcə də ailə üzvləri ilə əlaqəsi hər zaman baş tutub. Tofiq Yaqublu aclıq aksiyası keçirirdi. Belə olan halda Azərbaycan dövləti özünün humanist mahiyyətini növbəti dəfə ifadə etdi. Azərbaycanın tanınmış ziyalıları Zeynəb Xanlarova, yazıçılar Anar və Çingiz Abdullayev Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı ölkə başçısına müraciət etdi. Cənab Prezident və Azərbaycan dövləti humanizm prinsiplərindən çıxış edərək, ziyalıların müraciətlərini və ailə üzvünün istəyini nəzərə alaraq bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoydu. Dünya bir daha gördü ki, Azərbaycan humanist və hüquqi dövlətdir”.

Elman Nəsirov bildirib ki, təəssüf ki, bəzi radikal qüvvələr və anti-Azərbaycan dairələr bu məsələdən də öz məqsədləri üçün riayakarcasına istifadə etməyə çalışdı:

“Onlar üçün əsas məsələ Tofiq Yaqublunun səhhəti və azadlığı deyildi. Sadəcə istəyirdilər ki, bu hadisə ətrafında siyasi şou düzəltsinlər və bununla da Azərbaycanın imicinə mənfi təsir edəcək təxribatlara strart versinlər. Onların bu niyyəti də gözündə qaldı. Növbəti dəfə Azərbaycan dövləti və iqtidarı sübut etdi ki, birinci növbədə Azərbaycan hüquqi dövlətdir. Azərbaycanda hüququn aliliyi hökm sürür. Eyni zamanda humanist dövlətdir. Öz vətəndaşlarının sağlamlığı, səhhəti, ictimai rəy, eyni zamanda ayrı-ayrı ziyalıların müraciəti bu kimi amilləri nəzərə alaraq cəzanın yüngülləşdirilməsi və ləğv edilməsi kimi qərarlar qəbul edir. Bu, birinci dəfə deyil. Biz dəfələrlə cənab Prezidentin və Azərbaycan dövlətinin bu cür humanist addımlarının şahidi olmuşuq. Anti-Azərbaycan dairələri və bu məsələdə siasi şou yaratmaq istəyib ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq istəyənlər görsünlər ki, bu yollarla cəmiyyətimizi aldada bilməzlər. Ölkə başçısı və Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Ölkəmizdə hakimiyyət və xalq birliyi ən yüksək səviyyədədir. Xalqımız cənab prezidentin hər bir addımını dəstəkləyir. Bu gün ölkəmizdə vətəndaş həmrəyliyi hökm sürür”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*