Tofiq Zülfüqarov: “Şimali və cənubi azərbaycanlıları düşmən etmək istəyirlər”backend

Tofiq Zülfüqarov: "Şimali və cənubi azərbaycanlıları düşmən etmək istəyirlər"

Millət vəkili Fazil Mustafanın silahlı hücuma məruz qalması ölkə gündəmini əməlli-başlı silkələyib. Demək olar ki, cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu hadisəni terror aktı kimi dəyərləndirir və İran faktorunu istisna etmir. Təbii ki, belə düşünmək üçün bir çox obyektiv səbəblər də mövcuddur. Bəs görəsən ölkənin siyasi ekspertləri baş verən hadisə ilə bağlı nə düşünürlər?

Mövzunu KONKRET.az-a şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, baş verən hadisə terror aktıdır və bu, göz qabağındadır: “Təbii ki, aparılan araşdırmadan sonra icraçıların və sifarişçilərin kim olduğu ortaya çıxacaq. Amma hesab edirəm ki, cəmiyyət İkinci Qarabağ Müharibəsindən sonra İranın Azərbaycana qarşı münasibətinin dəyişdiyini deməkdə haqlıdır. Yəni ölkədə baş verən müxtəlif hadisələri İran faktoru ilə əlaqələndirmək üçün insanların əlində kifayət qədər əsaslar var. Hər halda şübhələnmək üçün səbəblər ola bilər. Əgər ortada İran faktoru ehtimalı varsa, terror aktlarının təsiri Azərbaycan cəmiyyətinə onların istədiyi kimi təsir etməyəcək. Çünki Vətən müharibəsindən sonra özümüzü müzəffər xalq kimi hiss edirik. Bu baxımdan bizə hansısa formada hədə-qorxu gəlmək cəhdləri heç bir nəticə verməyəcək”.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan bu cür gərginlik dalğasında məqsədin nə olduğunu dərk etməlidir: “Bilirik ki, İran çoxmillətli ölkədir. Orada bir çox millətlərin nümayəndələri yaşayır və onları əsasən dini faktor birləşdirir. Artıq bu faktorun böyük anlamda işləmədiyini görürük. Bu, insanların dindən uzaqlaşmaları ilə əlaqəli deyil. Sadəcə olaraq dini təbliğ və təqdim edən, dinin simaları olmaq istəyən insanlar müəyyən səbəblərə görə hörmətdən düşüblər. Odur ki, milli dirçəlişin və ruhun yüksəlməsinin qarşısını almaq üçün müxtəlif təxribatlara cəhd göstərirlər. Bu təxribatların əsas məqsədinin şimali və cənubi azərbaycanlıları bir-birinə düşmən etmək olduğunu istisna etmirəm. Buna nail olmaq üçün müxtəlif vasitələrə əl atırlar. Hətta planda Rusiya-Ukrayna hadisələrini Cənubi Qafqazda tətbiq etmək ssenarisi də ola bilər. Yəni həmin vəziyyəti bura ixrac etmək istəyənlər var. Amma əminəm ki, bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki İranın siyasi elitasında və silahlı qüvvələrində azərbaycanlıların sayı çoxdur. Hansısa yollarla bizi bir-birimizə düşmən etməyə nail olacaqlarını düşünmürəm. İstənilən halda çoxmillətli İran xalqına dost kimi baxmalıyıq. Riyakarların cəhdləri uğursuz olacaq, çünki orada yaşayanlar bizim qardaşlarımızdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*