Qazaxıstan hüquq-mühafizə orqanları keçmiş fövqəladə hallar naziri Yuri İlyin barəsində yoxlama aparacaq.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanov parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Prezident Baş prokurora göstəriş verib, onun çərçivəsində yoxlama aparılacaq:
“Yanğın faktının özü fövqəladə haldır, insanlar ölüb, ona görə də cinayət işi çərçivəsində yoxlama aparılacaq. Niyə vaxtında tədbir görülməyib? Bəlkə səhlənkarlıqdan, xidməti vəzifələrini yerinə yetirməməkdən bu baş verib”.
Yanğının mümkün səbəblərindən danışan daxili işlər naziri qeyd edib ki, bu gün müxtəlif versiyalar öyrənilir:
“Yandırma, səhlənkarlıq, ildırım vurma versiyası var. Tədbirlər həyata keçiriləcək. İstintaq üçün iki ay var”.
Xatırladaq ki, Abay rayonunda genişmiqyaslı meşə yanğını başlanandan sonra fövqəladə hallar naziri Yuri İlyin tutduğu vəzifədən azad edilib. Onun yerinə Sırım Şaripxanov təyin olunub.
İqbal Rzayev,
KONKRET.az
