Xəbər verdiyimiz kimi Psixiatriya Xəstəxanasına yerləşdirlən 17 yaşlı Məhəmməd Hacıyev artıq oradan buraxılıb və ilk açıqlamasını prodüsser Tarix Əliyevə verib. O, dəstək göstərən və problemini diqqətdə saxlayan hər kəsə təşəkkürünü bildirib. Lakin yaşanan olaylardan sonra gündəmə gələn Məhəmmədin sonrakı taleyi cəmiyyəti narahat etdiyindən onun gələcəyi ilə bağlı verilən sualların sayı-hesabı yoxdur. Hər kəs uşaq evinə qayıtmaq imkanı olmayan Məhəmmədin harada qalacağı və necə yaşayacağı ilə maraqlanır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tanınmış prodüsser və teleaparıcı Tarix Əliyev bildirib ki, Məhəmməd Hacıyev sabah onun aparıcısı olduğu verilişdə efirə çıxacaq: “Bildiyim qədərilə Məhəmməd Zabrat qəsəbəsində fəaliyyət göstərən sosial sığınacaq və reabilitasiya mərkəzinə yerləşdiriləcək. Sabah Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndə gələcək və onu həmin mərkəzə aparacaqlar. Reablitasiya prosesindən sonra daha dəqiq qərar veriləcək. Məlumdur ki, Məhəmməd 2016-cı ildə Biləsuvarda bir ailəyə övladlığa verilib. Hazırda ata efirimizə zəng vuraraq yenidən uşağa sahib çıxmaq istədiyini bildirib. Lakin ata imkansızdır və vəkil tutmağa pulu yoxdur. Buna görə də, Şəfiqə Nağıyeva tam təmannasız vəkillik xidməti göstərəcək və uşağı yenidən atanın qəyyumluğuna vermək üçün məhkəməyə müraciət ediləcək. Əslində uşaq ya hərbi məktəbə, ya da sərhəd qoşunlarının litseyinə qəbul olmaq istəyir. Lakin hələlik Məhəmmədin psixoloji durumu buna imkan vermir. Eyni zamanda Məhəmmədin 3 saylı uşaq evinə geri qayıtması da mümkün deyil. Çünki yaşanan problemlər, oranın rəhbərliyi ilə uşaq arasındakı konflikt onların yenidən bir araya gəlməsinə imkan vermir. Bu səbəbdən də uşağın normal həyata geri dönməsi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik”.
Tarix Əliyevin sözlərinə görə, dövlət öz vətəndaşına sahib çıxır: “Amma məlumdur ki, Məhəmməd sığınacaqda iki ay qala biləcək. Onun sonrakı həyatı üçün nəsə fikirləşmək lazımdır. Fikrimcə ən alternativ variant onun övladlığa verilməsidir. Biz bu məsələni gündəmdə saxlamalıyıq. Çünki bu uşağın içində mərhəmət və sevgi hissi var. Ona sevgi ilə yanaşmaq və başına sığal çəkməklə daha da irəli aparmaq olar. Əksinə Məhəmmədi oğru çıxartmaq, onun məktəbi yandırdığını iddia etmək, analığını döydüyünü demək isə uşağın psixoloji durumunu psiləşdirəcək. Atalığı da bizə zəng edərək bu iddiaların yalan olduğunu deyib.Ona görə də, cəmiyyət olaraq 17 yaşlı Məhəmmədə dəstək göstərməliyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
