Torpağa gömülən Qarabağ bədbinliyi – Ali Baş Komandan şanlı tarix yazırbackend

Torpağa gömülən Qarabağ bədbinliyi - Ali Baş Komandan şanlı tarix yazır

Prezident İlham Əliyev Qarabağ düyününün açılmazlığı stereotipini dağıtdı, müharibə qətiyyəti ilə ortaya zəfərlər qoydu   

İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycanın çətin durumlarla üzləşdiyi kifayət qədər məqamlar olub və həmişə dövlət başçısı bu sınaqlardan ölkəmizi daha da güclənərək çıxarmağı bacarıb.

Sentyabrın 27-dən yaşanan və davam etməkdə olan haqq davamız fonunda baş verənlər İlham Əliyevin üzləşdiyi sınaqların ən çətinidir desək yanılmarıq. Azərbaycan Prezidenti illərdir beyinlərdə pərçimlənmiş “Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli yoxdur” tezisini darmadağın edərək, cəsarətli duruş ortaya qoyaraq Vətən müharibəsinə başlayıb. Qısa müddətdə ciddi nəticələr qazanılıb; Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər işğaldan azad edilib, həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması mümkünləşib. Münaqişənin illərlə uzanmasında maraqlı olanların, Azərbaycanın mövcud vəziyyətlə barışmasını istəyənlərin bütün planları alt-üst olub.

Dünyanın illərdir, hökm sürən ədalətsizliyinə, bu ədalətsizlikdən doğan təzyiqlərə qarşı sinə gərən İlham Əliyev Azərbaycan xalqını bir nəfər kimi öz ətrafında birləşdirərək böyük qələbənin təməlini ata bildi. Xalqın tapdalanan qürurunu, mənliyini özünə qaytardı. Əzəli torpaqlarımızın heç vaxt işğaldan azad olunmayacağı ilə bağlı yaranan bədbinliyi gömdü və torpaqlarımızın əsl sahiblərinə qaytarılması kimi çətin bir işin əsasını qoymaqla gerçəkliyə çevirdi.

Bu günlərdə Azərbaycan Prezidenti dünyanın ikiüzlülüyünə, ədalətsizliyinə qarşı əzmlə, yorulmadan, heç kimə əyilmədən iki cəbhədə mübarizə apardı, başladığımız haqq işini sona çatdırmaq, bu problemi tam çözmək əzmində olduğunu bütün sferalarda sübuta yetirdi.

O, həm Prezident, həm də Ali Baş Komandan kimi iki cəbhədə yorulmadan, böyük cəsarətlə, ruhdan düşmədən mübarizə apardı və aparmaqdadır.

Bunlardan birincisi, düşmənlə döyüş ərazisidir və İlham Əlievin Ali Baş Komandan olaraq birbaşa rəhbərliyi ilə cəbhədə qazanılan uğurlar göz önündədir.

İkincisi, Prezident bundan heç də asan olmayan diplomatik müstəvidə də əzmlə mübarizəni yürütməkdədir. O, bu çətin məqamda xarici tv-lərə ardıcıl müsahibələrində, ayrı-ayrı mötəbər platformalarda düşmənə qahmar çıxmaq istəyənlərə, ədaləti, beynəlxalq hüququ ayaq altına atanlara layiqli cavablar verir, cəbhədə yaşananlar fonunda əsl həqiqətləri dünyaya bəyan edir. İlham Əliyev əsl Ali Baş Komandanın, Prezidentin necə olmasını sözün bütün mənalarında isbat edir.

Danılmaz faktdır ki, İlham Əliyev beynəlxalq müstəvilərdə heç kimdən, heç nədən çəkinmədən sistemli şəkildə Vətən müharibəsi aparır. Onun çıxışlarında cəsarət, Azərbaycan sevgisi, Vətən təəssübkeşliyi həmişə öndə gəlir. Tarix yazan İlham Əliyev eyni zamanda, ölkənin daxilində də yaşından asılı olmayaraq bütün nəsillərin Vətən davasına qoşulması üçün gözəl bir örnək yaradır. Prezident İlham Əliyev həmçinin, məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoyur.

İlham Əliyev prezidentliyi dönəmində güclü iqtisadiyyata malik, iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı olmayan, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayan, dünyaya öz inkişaf modellərini təqdim edən, sayı o qədər də çox olmayan kosmik ailənin üzvünə çevrilən Azərbaycan yaratmağa nail olub! Məhz bu uğurlar, xalqın birliyi İlham Əliyevin gücünə güc qatır.

Bu günlərdə düşmən bütün qüvvəsini ortaya qoyaraq münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa cəhdlərini intensivləşdirdi.

Amma bu cəhdlərin heç biri hədəfinə çatmadı. Onların dövriyyəyə buraxdıqları feyk məlumatlar, yalan xəbərlər məhz İlham Əliyev tərəfindən dəf olundu. İlham Əliyev özü və bu işə məsul komandası əvvəllər olduğu kimi, Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı.

İlham Əliyev bu məsələdə də həmişə öndə oldu, yaxasını kənara çəkmədi. Ölkənin birinci şəxsi kimi 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla isbatladı. Bu xətt sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə daha çevik formada, vəziyyətə adekvat şəkildə davam etdi.

Təkcə onu qeyd edək ki, Prezident İlham Əliyev dünyanın 10 nüfuzlu televiziya kanalına müsahibələr verərək, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb, Azərbaycanın haqlı mövqeyini böyük cəsarətlə müdafiə edərək əsaslandırdı. Prezident bu müsahibələrdə xalqının maraqlarını tam qorudu, bəzən sanki döyüşü xatıraladan müsahibələrdə böyük peşəkarlıqla haqlı olmağımızı sübuta yetirdi, qərəzli suallar qarşısında təmkinini pozmadı.  Prezidentin  “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edildi, Ermənistanın yalan üzərində qurulmuş informasiyaları puç oldu.

Dövlət başçısı həm daxili, həm də xarici auditoriya qarşısındakı çıxışlarında  xalqın maraqlarına və mövqeyinə söykənərək, məhz Azərbaycan xalqının sözünü və mövqeyini böyük cəsarət və ləyaqətlə ifadə etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edərək, ONA inanmaqda, güvənməkdə yanılmadığını bir daha gördü.

Bu güvən, inam çətin günlərdə Azərbaycanda indiyə qədər görünməmiş BİRLK doğurdu. Xalq siyasi mövqeyini, umu-küsünü, çəkişmələri bir kənara buraxıb Prezident İlham Əliyevin ətrafında bir oldu. Hakimiyyətin ən qatı əleyhdarları belə Dağlıq Qarabağ savaşında Ali Baş Komandanla bir yerdədir. Azərbaycan xalqı illərin acı təcrübəsindən nəticə cıxarıb tarixi, müqəddəs torpaqlarımız uğrunda birləşə bildi.

Bu birliyin müəllifi olan İlham Əliyevin daha böyük qələbələrə imza atacağı şübhəsizdir.

Prezident İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr həm də onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq davranır və bu etimadı layiqincə doğruldur.

Ən vacib olan amil isə xalqın İlham Əliyevə olan inamı, dəstəyidir. Bütün xarici və daxili müdaxilələrə, qurulan planlara rəğmən İlham Əliyev xalq birliyini, inamını böyük peşəkarlıqla QƏLƏBƏyə çevirə bildi.

Azərbaycanın ən ümdə problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İlham Əliyevin dəyişməz siyasi iradəsi var və bu iradə Azərbaycanın qədəm qoyduğu uğurlarının öz hədəflərinə çatana qədər irəliləcəyinə tam əminlik yaradır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*