Bədəni evdə, özü Tokionun küçələrində: texnologiyanın dəyişdirdiyi bir həyatbackend

Bədəni evdə, özü Tokionun küçələrində: texnologiyanın dəyişdirdiyi bir həyat

39 yaşlı Aya Kadzinin işi ilk baxışdan qeyri-adi görünə bilər. O, yeni insanlarla tanış olur, turistlərlə Tokionu gəzir, şəhərin görməli yerlərini göstərir, yapon və ingilis dillərində söhbət edir. Lakin bütün bunları öz mənzilindən çıxmadan edir. Fotolarda gördüyünüz kiçik robot isə onun xarici dünyadakı nümayəndəsidir.

2022-ci ildə dağınıq skleroz xəstəliyi səbəbindən Aya əvvəlcə yerimək, daha sonra isə işləmək qabiliyyətini itirib. Lakin bu, onun cəmiyyətlə əlaqəsini kəsməsinə və həyatdan təcrid olunmasına səbəb olmayıb.

Bu gün onun gözləri, qulaqları və səsi Tokionun küçələrində hərəkət edən cəmi 23 santimetr hündürlüyündə OriHime adlı robotdur. Kamera, mikrofon, hərəkət edən qollar və başla təchiz olunmuş bu kiçik qurğunu turistlər xüsusi dayağın üzərində çiyinlərində gəzdirirlər. Aya isə robotu evindən idarə edir, insanlarla ünsiyyət qurur və onlara şəhəri tanıdır.

Bu texnologiyanın arxasında yapon mühəndis Kentaro Yoşifucinin şəxsi həyat hekayəsi dayanır.

Uşaqlıqda səhhətindəki problemlərə görə üç ildən artıq müddətdə, demək olar ki, evdən çıxa bilməyən Kentaro bir gün özünə belə bir sual verib: görəsən, insanın əsas bədəni hərəkət edə bilməyəndə onun əvəzinə fəaliyyət göstərə biləcək ikinci bir bədən yaratmaq mümkündürmü?

Bu fikir sonradan onun həyatının əsas layihəsinə çevrilib.

Universitetdə oxuduğu illərdə Kentaro ilk uzaqdan idarə olunan robotunu hazırlayıb. Dostları robotu mühazirələrə aparır, auditoriyanın ön sıralarında yerləşdirirdilər. Kentaro isə uzaqdan onun vasitəsilə başını tərpədir, əlini qaldırır və tələbə yoldaşları ilə ünsiyyət qururdu.

Əvvəlcə müəllimlər bu qeyri-adi üsula etiraz etsələr də, sonradan robot vasitəsilə dərslərdə iştirak etməsini qəbul etdilər. Beləliklə, Kentaro fiziki olaraq auditoriyada olmasa da, təhsil prosesindən kənarda qalmadı.

2021-ci ildə Kentaro Tokioda daha bir qeyri-adi layihəyə imza atdı. O, OriHime robotlarının köməyi ilə idarə olunan kafe açdı. Burada hərəkət məhdudiyyəti olan təxminən 80 nəfər çalışır.

İşçilər evlərindən çıxmadan robotlar vasitəsilə müştəriləri qarşılayır, sifarişləri qəbul edir, qonaqlarla söhbət edir və onlara xidmət göstərirlər. Ən maraqlısı isə budur ki, bəzi işçilər robotları hətta göz hərəkətləri ilə idarə edə bilirlər.

Ancaq Kentaro bununla kifayətlənmək istəmirdi. Əgər insanın ixtiyarında bütöv bir Tokio varsa, niyə onu yalnız kafenin divarları arasında saxlamalıdır?

Beləliklə, robotlar vasitəsilə şəhər ekskursiyaları təşkil etmək ideyası yarandı. Aya Kadzı isə bu yeni peşəni mənimsəyən ilk könüllülərdən biri oldu.

İndi o, öz mənzilindən çıxmadan turistlərə Tokionu göstərir, onlarla söhbət edir, suallarını cavablandırır və şəhərin atmosferini yaşamağa kömək edir.

Maraqlıdır ki, bəzi xarici turistlər Aya ilə söhbət etdikdən sonra etiraf ediblər: Yaponiyaya səfərləri boyunca heç bir yaponla onunla olduğu qədər uzun və səmimi ünsiyyət qurmayıblar.

CNN jurnalisti Ayanın qazancı barədə soruşanda qadın artıq öz pulunu qazandığını, bunun sayəsində öz ifadəsi ilə desək, kiçik eqoist arzularını da həyata keçirə bildiyini söyləyib. Məlum olub ki, Aya sumo güləşinin böyük azarkeşidir!

Bu hekayədə məni ən çox heyrətləndirən məqam texnologiyanın özü deyil, onun insana verdiyi imkandır.

Mən texnoloji tərəqqini təkcə divandan qalxmadan pizza sifariş edə bildiyimizə görə sevmirəm. Əsl tərəqqi fiziki məhdudiyyətlər səbəbindən evindən çıxa bilməyən bir insanın başqa bir şəhərdə, başqa insanlarla ünsiyyət qurmasına, işləməsinə, pul qazanmasına və özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməsinə imkan yaratmaqdır.

Əgər robotlar həqiqətən həyatımızı dəyişməlidirsə, qoy bunu məhz belə etsinlər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Fotolar: OryLab Inc.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*