ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran danışıqlar masasına oturmaqdan imtina edərsə, Vaşinqton İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endirməyə başlayacaq.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, qarşıdakı həftə İran üçün çox pis ola bilər.
“Əgər onlar danışıqlar masasına oturmasalar, bütün elektrik stansiyalarını, körpülərini sıradan çıxaracağıq”, – deyə Tramp bildirib.
O, qeyd edib ki, ABŞ artıq İrana “çox güclü zərbələr” endirib və ölkənin bütün sahil xətti boyunca hərbi əməliyyatları davam etdirir.
Tramp həmçinin administrasiyasının son günlər İran rəsmiləri ilə təmasda olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Tehrana verilən əsas mesaj belə olub:
“Razılaşma əldə etməyiniz sizin üçün daha yaxşıdır. Əks halda sizdən heç nə qalmayacaq.”
ABŞ prezidenti eyni zamanda Amerika Silahlı Qüvvələrinin İranın Fars körfəzində yerləşən ən böyük neft terminalı olan Xark adasına iki dəfə zərbə endirdiyini təsdiqləyib. O, şərait yaranacağı təqdirdə adanın ələ keçirilməsi ehtimalını da istisna etməyib.
Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq qalır, lakin “yalnız İranın üzünə bağlıdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
