Rüzgarların illər boyu qorxaraq toxunduğu, yeddi qat göylərin məğrurluqla salamladığı o üçrəngli müqəddəs timsal sadəcə göydə dalğalanan rəmz deyil; o, illərin qoynunda boğulmuş fəryadların, çətinliklərin və qəddar sınaqların içindən zəfərlə doğulan bir xalqın döyünən ürəyidir. Əcdadlarımızın azadlıq sevdası, şəhidlərimizin müqəddəs haqqı və bir millətin əsrlərlə böyütdüyü o böyük ümidlə yoğrulan bu bayraq asanlıqla ucalmadı zirvələrə.
1918-ci ilin payızında ilk dəfə istiqlal rəmzi olaraq göylərə çəkiləndə azadlıq nəfəsi hələ təzəcə ciyərlərə çəkilmişdi, lakin çox çəkmədi ki, bolşevik çəkmələrinin sərt taqqıltısı bu gözəl arzunu qaranlıq zirzəmilərə, evlərin künclərinə sıxışdırdı. O qaranlıq sovet illərində üçrəngli bayrağı evinin ən dərin yerində, sandıqların altında gizlətmək demək olar ki, ölümə meydan oxumaq idi; çünki o müqəddəs nişanəyə baxmaq belə adamı sürgünlərə, ağır zindanlara aparmağa bəs edirdi. İllər boyunca gizli saxlanılan, qəlblərdə böyüdülən bu sevgi heç vaxt sönmədi, çünki Xəlil Rza Ulutürkün qələmindən ruhumuza süzülən: “Şəhidlərin qanı sənə müqəddəslik qazandırıbdır!” misraları kimi, onun hər bir zərrəsində minlərin ahı, fədakarlığı vardı. Rejimin bütün qadağalarına baxmayaraq, ürəyindəki Vətən atəşini söndürməyən igidlər cəsarətlə bu bayrağın haqqını qorumağa çalışarkən, xalqın içindəki o sönməz ümid daim yaşadı.
Zaman gəldi, xalq öz əsarət zəncirlərini qırmağa başladı və illərin həsrətindən sonra o müqəddəs rəmz sanki yenidən nəfəs alaraq azadlıq səmasında dalğalandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs yol özünün ən ali zirvəsinə çatdı. Müzəffər Ali Baş Komandanın üçrəngli bayrağımızı ölkəmizin hər bir guşəsində, xüsusilə də neçə-neçə igidin canı bahasına azad olan Şuşada, Xankəndidə ucaltması xalqımızın mübarizəsinin, əyilməz iradəsinin və qələbəsinin simvoludur. Dövlət başçısının bu müqəddəs rəmzə göstərdiyi dərin diqqət və ehtiram gənc nəsillərdə Vətənə sədaqət duyğularını gücləndirən, hər bir azərbaycanlıya misilsiz qürur bəxş edən örnəkdir. İndi o bayraq hər baxışda bu xalqın nələrdən keçdiyini, çətinliklərə necə sinə gərib,çəpər çəkdiyini və heç vaxt əyilmədiyini bütün dünyaya bir daha hayqırır.
Xədicə Mürsəlzadə,
KONKRET.az

