Türk ölkələri üçün sürpriz – Bu ölkə hərəkətə keçdi – FOTOLARbackend

Türk ölkələri üçün sürpriz - Bu ölkə hərəkətə keçdi - FOTOLAR

Monqolustan türkdilli dövlətlərlə əməkdaşlıqda maraqlıdır və Beynəlxalq Türk Akademiyasına üzvlük məsələsini nəzərdən keçirir. Bu barədə ölkənin Baş nazirinin müavini bəyan edib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir.

 

Monqolustan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığı genişləndirmək və təşkilata üzvlüyü nəzərdən keçirmək niyyətindədir. Bunu Beynəlxalq Türk Akademiyasını ziyarəti zamanı Monqolustan Baş nazirinin müavini Ölziysayxan Enxtüvşin deyib. Qızıl Orda dövlətinin 750 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi dəyirmi masaya qatılan qonaq, ölkəsinə qayıtdıqdan sonra bununla bağlı xüsusi komissiyanın da qurulacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, elmi inteqrasiyanın əhəmiyyətini nəzərə alaraq Monqolustan 2014-cü ildən başlayaraq Beynəlxalq Türk Akademiyası ilə yaxından əməkdaşlıq edir və onun fəaliyyətini diqqətlə izləyir. Bir neçə ildir həyata keçirilən ortaq layihələr, ölkə ərazisində aparılan birgə arxeoloji tədqiqatlar ortaq tariximizlə bağlı maraqlı və yeni məqamlar, tapıntılar ortaya çıxarıb.

“Biz Beynəlxalq Türk Akademiyası ilə artıq xeyli vaxtdır birgə layihələr, elmi tədqiqat ekspedisiyaları həyata keçiririk. Bu çox gözəl nəticələr verir. 750 illiyini qeyd etdiyimiz Qızıl Orda dövləti bizim ortaq tariximizdir. Gələn il Tonyukuk abidəsinin 1300 illik yubileyini Beynəlxalq Türk Akademiyası ilə birlikdə UNESCO səviyyəsində qeyd etməyə hazırlaşırıq. Qazaxıstan tərəfi bizi təşkilata üzvlüyə dəvət etdi. Biz bu dəvətə müsbət yanaşırıq. Monqolustan tərəfi xüsusi komissiya yaradaraq bunu nəzərdən keçirəcək”.

Ölziysayxan Enxtüvşin bildirib ki, Monqolustan ölkə ərazisindəki qədim Türk irsinin, Çingiz xan, Qızıl Orda kimi ortaq tarixi dəyərlərin və abidələrin qorunmasına böyük önəm verir. Bu baxımdan 2020-ci ildə UNESCO tərəfindən Tonyukuk abidəsinin 1300 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsinə hər cür dəstək verəcək. Qazaxıstan Baş nazirinin müavini Berdibek Saparbayev də Monqolustanı Akademiyaya müşahidəçi üzv olmağa çağırıb və bütün türkdilli ölkələrin bundan məmnunluq duyacağını bildirib. Onun sözlərinə görə, yüz illər boyu birlikdə yaşayan, ortaq dövlətçilik ənənələri formalaşdıran bu ölkələri sıx tarixi tellər bağlayır.

“Monqolustanın Beynəlxalq Türk Akademiyasına üzvlük perspektivinə ümidlə baxıram. Çünki bizi büyük ortaq tarixi keçmiş birləşdirir. Ona görə də Monqolustanı üzvlüyə, daha sıx işbirliyinə dəvət etdim. Bildiyiniz kimi, artıq Macarıstan və Özbəkistan üzv oldu. Bizimlə ortaq dəyərləri paylaşan digər dövlətlərin də qoşulması təşkilatlarımızın nüfuzunu artırar və ən başlıcası öz tariximizə sahib çıxmağa və birgə gələcəyimizi müəyyənləşdirməyə yardımçı olar”.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qədim türk yazılı abidələrinin, maddi və mənəvi mirasının çox qiymətli bir hissəsinin məhz Monqolustan ərazisində olduğunu, ortaq mirasımızın dünyaya daha yaxından tanıdılması üçün bu ölkəylə əməkdaşlığa xüsusi önəm verildiyini, bu məqsədlə bir neçə ildir ortaq tədqiqatların aparıldığını bildirib. Ölkə ərazisindəki qədim türk abidələrinin qorunub saxlanmasına verdiyi töhfəyə görə Monqolustan Baş nazirinin müavini “Vilhelm Tomsen” medalı ilə təltif edilib. Qeyd edək ki, tədbir çərçivəsində Qızıl Orda tarixi ilə bağlı bir sıra kitabların təqdimatı keçirilib və türk dünyasının müxtəlif bölgələrindən eksponatların toplandığı “Türk Muzeyi” ziyarət olunub.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*