“Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan üçün təhlükəlidirmi?” – Deputatdan AÇIQLAMAbackend

“Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan üçün təhlükəlidirmi?” – Deputatdan AÇIQLAMA

Artıq bir neçə gündür ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ciddi müzakirələr gedir. Həmin müzakirə və şərhlərdə xüsusi olaraq vurğulanır ki, sərhədlərin açılması birbaşa Azərbaycan üçün təhlükəlidir.

Həmin rəylərdə deyilir ki, Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsi humanitar yardımlar üçün açılsa da, bu, yaxın gələcəkdə bütün sahələrdə əməkdaşlıq üçün ciddi mərhələyə keçə bilər.

Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədi ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana təcavüzü səbəbi ilə bağlanıb. Amma buna baxmayaraq, çoxdandır ki, yükdaşımalar Yerevan-Ankara marşrutu ilə daşınır və bu marşrutdan 3-cü ölkələr istifadə etmir. Ekspertlərin bəziləri hesab edirlər ki, bu baxımdan humanitar yüklərin daşınması üçün quru sərhədlərin açılması məqsədəuyğun deyil.

“Məlum məsələdir ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur. Bu sərhəd 1993-cü ildən Qarabağ hadisələrinə görə bağlıdır”.

Bu sözləri Ermənistandan Türkiyəyə humanitar yardımın göndərilməsi ilə bağlı KONKRET.az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib:

“Fevralın 11-də Ermənistan 5 yük avtomobili ilə 100 ton ərzaq, su və ilkin yardım üçün lazım olan dərmanları Türkiyəyə göndərib. Bunu Ermənistan-Türkiyə danışıqlarında əsas sima olan Sərdar Qılıç açıqlamasında qeyd edib. Sərhəd məntəqəsi Marqara-Alican 30 il müddətinə bağlı olub. Bu quru sərhəd vasitəsilə həmin yük Türkiyəyə çatdırılıb. Burada əsas məqam ondan ibarətdir ki, məhz keçirilən sorğuda bir sıra Ermənistan vətəndaşları Türkiyəyə yardımın göndərilməsinin əleyhinə olub, yaxud da göndərilən yükün mütləq şəkildə zəhərlənməsini istəyiblər. Bunlar hər hansı bir adi vətəndaşın fikri ola bilər”.

Onun sözlərinə görə, bu gün siyasət insan acısından, ağrısından sonra gəlməlidir:

“Çünki Ermənistanda Türkiyəyə qarşı münasibət neqativdir. Lakin bu, o demək deyil ki, bütün Ermənistan bu düşüncədədir. Çünki həmin yardım olunan ərazilərdə həm ermənilər, həm də digər millətlərin nümayəndələri yaşayır. Baş vermiş zəlzələdə digər millətlərin də çoxsaylı vətəndaşları həlak olub. Bu gün söhbət insan acısından gedir. Hər hansı bir siyasi baxışın olmasına baxmayaraq, bu gün olunan yardımlar insanlığın nümunəsidir. Çünki tək Ermənistan deyil, eyni zamanda Yunanıstan da Türkiyəyə yardım göndərib. Bu gün əsas məsələ insan faktorudur. Düşünürəm ki, siyasət insan faktorundan sonra gəlir. Bir sıra insanlar Türkiyəyə qarşı olan düşmənçiliyi bu müstəviyə çıxarmağa çalışırlar ki, bu da kökündən səhv məsələdir”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*