“Türkiyə hərbçiləri məhz bu amillərə görə Azərbaycana gəlir” – AÇIQLAMAbackend

"Türkiyə hərbçiləri məhz bu amillərə görə Azərbaycana gəlir" - AÇIQLAMA

“Noyabrın 8-də Azərbaycan Ordusunun Şuşaya daxil olması ilə Qarabağ probleminin həlli demək olar ki, kulminasiya nöqtəsinə çatdı”.

Bunu KONKRET.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, cənab prezidentin 44 gün ərzində siyasi, diplomatik və hərbi cəbhədə apardığı müharibə qalibiyyətlə nəticələndi: “Azərbaycan Milli Ordusu Qarabağ məsələsini demək olar ki, həll etdi. Noyabrın 10-da üçtərəfli bəyannamə imzalandı. Bundan sonra danışıqların diplomatik yolla həllinə qədəm qoyduq. Düzdür, ermənilər bununla razılaşmır, Fransa, ABŞ və digər ölkələri bu proseslərə cəlb etməyə çalışırlar. Amma bu məsələni bitmiş hesab etmək olar. Çünki münaqişənin həlli doğru istiqamətdə davam edir.

Putinin dünənki bəyanatı və bundan əvvəlki açıqlamaları da sübut etdi ki, Rusiya prezidenti Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Ağdam rayon ərazisində bir qrup erməni Rusiya sülhməramlılarının əmrinə tabe olmayıb, orada gərginlik yaşanıb. Bu hadisə və Putinin dünənki açıqlamaları bir daha onu göstərdi ki, Rusiya münaqişənin həllində qəti mövqeyə sahibdir”.

Deputat vurğulayıb ki, Qarabağın statusundan söhbət gedə bilməz: “Artıq Dağlıq Qarabağ Azərbaycanın digər rayonları kimi bir bölgəmizdir. İdarəcilik Azərbaycan tərəfindən aparılacaq. Söhbət orada yaşayan ermənilərin təhlükəsizsliyindən gedir. Azərbaycan dövləti bu təhlükəsizliyi, onların bundan sonra orada yaşaması və inkişafı üçün zəmanəti verir. Bütün hümanitar qaydalar da bunu tələb edir. Bundan artıq heç kim Azərbaycandan heç nə tələb edə bilməz. Qısa müddət ərzində də erməni hərbi birləşmələri ərazilərimizi boşaldacaq. Türkiyə Milli Məclisi öz qərarını verdi. Türkiyə sülhməramlıları da bu məsələdə Azərbaycana yardım etmək üçün Azərbaycana gəlir. Hələlik türk hərbiçiləri 1 illik gəlir. Ola bilsin ki, bu müddət sonra uzadılsın. Bütün bunlar onu göstərir ki, Azərbaycan bölgənin lider dövlətinə çevrilib. Azərbaycan prezidenti regionda söz sahibdir. Proseslər artıq Putinin də qeyd etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yoluna qədəm qoyub. Hesab edirəm ki, bu bölgədə sonuncu gərginliyin aradan qaldırılması, sülhün və əmin-amanlığın gətirilməsi istiqamətində Azərbaycan bundan sonra da öz töfhəsini verəcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*