Türkiyə və Qazaxıstan arasında yaxınlaşma… – Yeni güc mərkəzi Azərbaycana nə vəd edir?backend

Türkiyə və Qazaxıstan arasında yaxınlaşma... - Yeni güc mərkəzi Azərbaycana nə vəd edir?

May ayının 10-11-də Qazaxıstan prezidenti Kasımjomərd Tokayevin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, siyasi, hərbi, humanitar və digər sahələri əhatə edən mühüm sənədlər imzalandı.

Rusiya-Ukrayna(Qərb) müharibəsi fonunda Qazaxıstan və Türkiyə arasında münasibətlərin daha da dərinləşməsini özündə ehtiva edən sənədlərin imzalanmasının mahiyyəti və əhəmiyyəti nədən ibarət ola bilər?

– Məsələ bundadır ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Türkiyə isə NATO-nun əsas aparıcı üzvüdür. Hazırda Rusiya və Qərb (NATO) arasında Ukrayna ərazisində gərgin müharibə gedir. Heç şübhəsiz ki, bu müharibə həm Rusiyanın, həm də Qərbin imkanlarını tükədir, resurslarını azaldır. Situasiya elə yaranıb ki, müharibə Rusiya və Qərbin türk dövlətlərinin birliyinə qarşı yönələn addımlarını da tormozlayıb.

Məhz belə bir məqamda Qazaxıstanın Rusiyanın nəzarəti altında olan KTMT-dən, Türkiyənin isə ABŞ-ın söz sahibi olduğu NATO-dan qopması mühüm addımdır. Ələlxüsus, iki xristian cəbhəsinin müharibə apardığı bir ərəfədə yeni “Türk güc mərkəzi”nin yaradılması ciddi tarixi əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının mövcudluğu prosesin daha ciddi şəkil almasının tarixi, hüquqi və siyasi bazasını təşkil edir.

– Türk Dövlətləri Təşkilatının üç əsas mərkəzi var – Bakı, İstanbul və Nur-Sultan şəhərləri… İstanbul və Nur-Sultan arasında görüş keçirildi. Bakı və Ankara arasında da indiyə qədər “Şuşa” bəyannaməsi də daxil mühüm sənədlər imzalanıb. Proseslərin təhlili göstərir ki, yaxın gələcəkdə rəsmi Bakı və Nur-Sultan arasında da yeni sənədlərin imzalanması gündəmə gələ bilər. Bu, xüsusilə iki ölkənin parlamentləri səviyyəsində baş tuta bilər. Türkiyə türk dövlətləri arasında “ümumi katiblik” (proseslərin nüvəsi rolunu oynayır) funksiyasını yerinə yetirir.

– Qazaxıstan neft-qaz ehtiyatları ilə olduqca zəngin ölkədir. Dünyada ərazisinə görə doqquzuncu yerdə olan Qazaxıstan neft-qaz ehtiyatlarına görə də ilk onluqda qərarlaşır. Orta Asiyada Şərq və Qərb arasında ən mühüm logistik mərkəz hesab olunan Qazaxıstan Rusiyanın cənub sərhədləri boyunca yeni nəqliyyat dəhlizinin reallaşmasını təmin etmək iqtidarına malik ölkədir. Proseslər onu deməyə əsas verir ki, türk dövlətləri arasındakı istiləşmənin iqtisadi dayaqlar üzərində formalaşması qərara alınıb. Çünki nəhəng iqtisadi resurslar resurslar formalaşdırmadan siyasi mərkəzə çevrilmək mümkün deyil.

– Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin Moskvaya qarşı sanksiyalara qoşulmamasını labüd edən ciddi səbəblər var idi, onlardan birini prezient Ərdoğan dilə gətirmişdi ki, “… çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm”. Nəzərə almaq lazımdır ki, Türkiyə böyük sənaye dövlətdir, Qazaxıstan isə təbii sərvətlərlə zəngin strateji coğrafiyadır, ölkədir.

Düşünürəm ki, Türkiyə və Qazaxıstan arasındakı münasibətlər Ankaranın Moskavandan qaza asılılığını da tədricən aradan qaldıra bilər. İki ölkə arasındakı imzalanan sənədlərin təhlili də bunu deməyə əsas verir. Türkiyə neft-qaz ehtiyatları baxımından Rusiyadan, hərbi-siyasi cəhətdən də Qərbdən asılılığı maksimum dərəcədə sıfırlamağı qərara alıb. Ərdoğanın atdığı addımlar hər iki istiqamətdə türk dövltələri ilə birliyin tərəfdarı olduğunu sübut edir.

– Ərdoğanın Asiya qitəsində sürətli və strateji alması onu deməyə əsas verir ki, 2023-cü il Türkiyədəki prezident seçkilərində Qərb onu birmənalı şəkildə dəstəkləyəcək. Çünki həm Şərqdə yeni güc mərkəzi yaradan Ərdoğan, Qərbg ölkələri arasında da hələ uzun illər davam edəcək açıq və qapalı savaşları kompromis nöqtəyə gətirə biləcək yeganə və alternativsiz liderdir.

– Türkiyə-Qazaxıstan arasındakı yaxınlaşması rəsmi Bakının yeni iqtisadi-siyasi güc kimi önə çıxmasını daha da təmin etmiş olacaq. Hazırda regiondakı qlobal əhəmiyyətli logistik-nəqliyyat dəhlizlərin mühüm icraçısı və təşəbbüskarı olan Azərbaycan bu baxımdan Qazaxıstanla eyni siyasi paraleldə üst-üstə görüşür. Qazaxıstanın Xəzər dənizindəki logistik əhəmiyyəti iki ölkə arasında yeni istiqamətlər də formalaşdıra bilər. Sevindiricidir ki, 2021-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 332,2 milyon dollar səviyyəsinə gəlib çatıb. Qazaxıstandan Azərbaycana ixrac 3,4 dəfə artaraq 287,9 milyon, idxal isə 77,3% artaraq 44,4 milyon dollar təşkil edir.

Müəllif: Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*