Türkiyə XİN İranın iddialarına cavab veribbackend

Türkiyə XİN İranın iddialarına cavab verib

Türkiyə Xarici İşlər Nazirliyi İranda meydana gələn qum və toz fırtınaları və Tehranda yaranan hava çirkliliyi səbəbi ilə Türkiyəyə yönələn iddialara cavab verib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü səfir Tanju Bilgiç şərh verib.

“Tikdiyimiz bəndlərin son vaxtlar İranda baş verən qum və toz fırtınalarının yaratdığı ekoloji problemlərə səbəb olması və Tehranda hava çirkliliyinin pik həddə çatması ilə bağlı iddialar İran mediasında geniş şəkildə işıqlandırılır və məsələ siyasətçilər tərəfindən də gündəmə gətirilir.

Coğrafiyamızda Türkiyədəki bəndlərin qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmilikdən uzaqdır. Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlıq da bu fırtınaları artırır.

Qum və toz fırtınalarını qabaqlamaq və onların mənfi təsirlərini yüngülləşdirmək üçün hər bir ölkə, ilk növbədə, üzərinə düşəni etməli, su və torpaq ehtiyatlarından davamlı istifadə istiqamətində lazımi addımlar atmalıdır. Rəsmi Tehranın bu cür problemlərə görə Türkiyəni günahlandırması problemlərin həlli üçün real yanaşma deyil.

Su məsələsinə sırf humanitar prizmadan yanaşan Türkiyə hesab edir ki, transsərhəd sular sahilyanı ölkələr arasında münaqişə deyil, əməkdaşlığın elementidir. Ölkəmiz aşağı axın ölkələrinin ehtiyaclarını nəzərə alan, beynəlxalq hüquqa sayğı ilə yanaşan bir anlayışla hərəkət edib və bundan sonra da bu anlayışı qoruyub saxlamağa davam edəcək.

Türkiyə bu məsələdə İranla istənilən rasional və elmi əməkdaşlığa açıqdır”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, mayın 10-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ölkəsindəki hava çirklənməsində günahı Türkiyədə görüb: “Türkiyə bənd tikintisi sahəsində tədbirlər görməlidir. Bu, xalqımıza və bölgəyə problemlər yaradacaq. Digər tərəfdən, bu vəziyyət ölkəmizə daxil olan suyun miqdarına mənfi təsir göstərir”. Eyni zamanda XİN başçısı Türkiyə tərəfinin məsələ ilə bağlı açıqlamaları ilə qane olmadığını bildirib: “Bu bənd həm İrana, həm də İraqa zərər verir. Türkiyə 1997-ci il Nyu-York Konvensiyasına üzv olsaydı, bunu beynəlxalq səviyyədə şikayət yolu ilə həll edə bilərdik, amma bu belə deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*