Tyeri Meysan: “Dağlıq Qarabağda London və Ankara qalib gəldi, Soros və ermənilər isə məğlub oldu” – SENSASİYALI ŞƏRHbackend

Tyeri Meysan: “Dağlıq Qarabağda London və Ankara qalib gəldi, Soros və ermənilər isə məğlub oldu” - SENSASİYALI ŞƏRH

Dağlıq Qarabağdakı müharibə Pentaqon tərəfindən planlaşdırılmışdı və bu plan İngilis müttəfiqləri tərəfindən həyata keçirildi. Böyük dövlətlər səssizcə insanların kütləvi ölümünü izləmək istəyirdi. Amma hadisələr planlaşdırıldığı kimi inkişaf etmədi. London və Ankara tarixi birliyi bərpa etdilər. Vaşinqton və Moskva oyundankənar qaldı. Corc Soros və ermənilər isə məğlub oldular.

Müharibənin 44-cü günü Ermənistan Azərbaycanla atəşkəs müqaviləsi imzalamağa məcbur oldu. Beləliklə, nəzarət etdiyi ərazilərin bir hissəsinin itirildiyini qəbul etdi.

ABŞ hesab edirdi ki, Türkiyə münaqişəyə cəlb olunsa, qisasçılıq edəcək və sadə erməniləri kütləvi şəkildə qıracaq. Bununla da Türkiyə beynəlxalq aləmdə nüfuzunu itirəcək. Nəticədə dünya Ərdoğan “bəlası”ndan qurtulmuş olacaqdı. Amma Vaşinqtonun hesabatı puç oldu, heç bir kütləvi qırğın baş vermədi. Əksinə, Türkiyə bölgəyə sülhməramlı kimi girdi. Bu nəticə Londona da sərf edirdi. Çünki London Dağlıq Qarabağı Rusiyadan qoparmaqla XIX əsrin “Böyük oyun”unu davam etdirməyə çalışdı. London o dövrdə Osmanlı İmperiyasının müttəfiqi idi və rus çarı ilə düşmənçilik aparırdı. Lakin Moskva Londonun bu oyununu anlayan kimi atəşkəs əldə etdi və müharibəni dayandırdı.

“Böyük oyun”

XIX əsrdə ingilis və rus imperiyaları Qafqaz və Orta Asiyanı idarə etmək üçün bir-biri ilə şiddətlə rəqabət aparırdı. İngiltərədə bu dövr tarixçilər tərəfindən “Böyük Oyun”, Rusiyada isə “Kölgələr müharibəsi” adlandırılırdı.

Rusiya hələlik özünü Dağlıq Qarabağı qazanan tərəf kimi görür. London isə dayanmayacaq. Rusiyanı hər vasitə ilə Dağlıq Qarabağdan sıxışdıracaq. Təbii ki, bunu Türkiyənin əli ilə edəcək. Bundan sonra isə Türkiyənin əli ilə İngiltərə Rusiyanı Orta Asiyadan sıxışdırmağa çalışacaq.

İngiltərənin Baş naziri Boris Conson özünü Uinston Çörçilin imperatorluq siyasətinin davamçısı olaraq görür. Bu məqsədlə bu günlərdə ingilis ordusunu modernləşdirmək üçün bahalı bir plan ortaya qoydu.

Conson 29 iyul 2020-ci ildə “Böyük oyunu” başlatmaq üçün Riçard Muru Xarici İşlər Nazirliyinin MI6-nın xarici kəşfiyyat idarəsinə rəis vəzifəsinə gətirdi. Buna qədər Riçard Mur Əlahəzrətin Ankaradakı səfiri idi. Türk dilində səlis danışır və Prezident Rəcəb Tayyib Ərdoğanla dostluq edirdi. Oktyabrın 1-də, yəni Azərbaycanın Dağlıq Qarabağa hücumundan dörd gün sonra o Londona çağrıldı.

Riçard Mur kimdir?

Riçard Mur 25 ildir “Müsəlman qardaşları” üçün məlumatlı işçilər yetişdirən Oksford İslam Araşdırmaları Mərkəzinin rəhbəri Şahzadə Çarlzın dostudur. Türkiyənin keçmiş prezidenti Abdulla Gül də bu məktəbin rəhbərlərindən biridir.

Londonun Riçard Muru Ankaraya səfir göndərməkdə əsas məqsədi Prezident Ərdoğanı “Müsəlman qardaşları” məktəbinin himayədarı olmağa razı salmaq idi.

Mur 2014-cü ildə ingilis əsgərlərinin Suriyadan çəkilməsində də böyük rol oynadı. London işğal məqsədilə girdiyi Suriyadakı müharibədə müəyyən səbəblərə görə ABŞ-ın imperatorluq əməliyyatçısına çevrilmişdi (Ramsfeld-Cebrovski strategiyası). Ona görə də İngiltərə Suriyadan çəkilməyə qərar verdi.

Riçard Mur bu yaxınlarda Misir və Türkiyəni ziyarət etdi. Rusiyanın Dağlıq Qarabağda atəşkəsə imza atdığı 10 noyabrda Qahirədə prezident Əs-Sisi ilə görüşdü və 11 noyabrda Ankaraya gəldi. Köhnə dostu Prezident Ərdoğan tərəfindən rəsmi olaraq qəbul edilmədi, ancaq mətbuat katibi ilə Ağ Sarayda görüşdü.

Vaşinqton Ermənistan prezidenti Armen Sarkisyanı və Sorosun adamlarından olan Baş nazir Nikol Paşinyanı Türkiyə ilə Azərbaycanın qarşısına Dağlıq Qarabağ  müharibəsində yem kimi atdı.

Amerikalı fırıldaqçı Corc Soros öz siyasətini davam etdirir. O, öz fəaliyyətini tamamilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə razılaşdıraraq aparır. Lakin ingilislərin Sorosla belə bir razılaşması yoxdur. Əslində ingilislərlə Soros arasında köhnə bir ədavət də var. Belə ki, Soros 1992-ci ilin 16 sentyabrında funt sterlinqə qarşı genişmiqyaslı bir əməliyyat apardı və qazandı. Bundan sonra Soros “İngiltərə Bankını sındıran adam” ləqəbini aldı.

“Məkrli Albion”un ikiqat oyunu

London əvvəlcə Vaşinqtona müdaxilə etmədi. Çünki ABŞ “bir millət – iki dövlət” (Türkiyə və Azərbaycan) fikrini dəstəkləyir və “Artsax Respublikası”na zorla da olsa, son verməyə razıdır. Bu əsnada MI6  cihadçıları Azərbaycana köçürməyə çalışırdı. Bu cihadçıların hədəfi ermənilər yox, rus əsgərləri olmalı idi. Lakin cihadçılar Qarabağa gəlməmiş müharibə bitdi.

Amerikanın əvəzinə ingilis tələsinə düşdüyünü Rusiya yalnız 6 oktyabrda anladı və Londonun “Böyük oyun”u davam etdirdiyini və onu Dağlıq Qarabağdakı təsirindən məhrum etməyə çalışdığını dərk etdi.

7 oktyabrda Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə telefonla əlaqə saxlayır. Putin Ərdoğanla ermənilər üçün çox əlverişsiz olan atəşkəs haqqında ilkin şərtləri danışır.

Sonra Prezident Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışır. Həmsöhbətlərini Ərdoğanla razılaşdığı şərtlərlə atəşkəs anlaşmasını imzalamağa çağırır. Bundan sonra Putin Rusiya xalqına müraciət edərək Ermənistanı daha dəhşətli məğlubiyyətdən xilas etdiyini və ölkəsinin mənafeyini qoruduğunu bəyan edir.

Ermənilər meydanda tək qaldıqlarını görür və Rusiyanın şərtlərinə boyun əyirlər. Eyni zamanda bütün günahı sorosçularda görür və küçələrə tökülüb Paşinyanın istefasını tələb edirlər.

Bu vaxt isə Azərbaycan xalqı sevinir. Prezident İlham Əliyev Avropa Şurasına və Avropa Parlamentinə gülür, zəfərini və fəth edilmiş ərazilərin dirçəldilməsini elan edir. İngilislərsə “BP” üçün yeni imtiyazlar almaq ümidi ilə iştahla Azərbaycandakı qızıl yataqlarının işləyəcəyi günü gözləyirlər.

Tyeri Meysan, “Réseau Voltaire”  Siyasi Elm Mərkəzinin qurucusu.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*