Polşa biznes mərkəzləri müharibə səbəbindən ölkəyə köçən ukraynalı qadınlara “kişi işləri” təklif etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Gremi Personal” məşğulluq agentliyinin analitik mərkəzi məlumat yayıb.
Bildirilib ki, işəgötürənlər iki məqsədə nail olmaq istəyirlər. Birincisi, kişilər üçün boş iş yerlərini doldurmaqdır. Çünki bu çatışmazlıq Polşa iqtisadiyyatının hər bir sektorunda yaşanır. İkincisi isə, ukraynalı qaçqınlara Polşada iş tapmaq və pul qazanmaq imkanı yaratmaqdır.
Təklif olunan işlər daha çox işçiyə tələbatın olduğu logistika, qida sənayesi, xidmət və ticarət sektorlarını əhatə edir. Məlumata görə, qadınların anbarlarda çalışa bilmələri üçün bəzi iş yerləri bağlamaların çəkisini onlar üçün azaldır. Hətta qadınların forklift operatorları kimi çalışması üçün xüsusi kurslar təşkil olunur.
Bundan əlavə, bəzi qida sənayesi müəssisələri (ət kombinatları və balıq fabrikləri) Ukraynadan gələn qadınlar üçün növbəli işləmək və uşaqlara baxmağa vaxt tapmaları üçün xüsusi qrafik hazırlayıb.//Publika.az
