Türkiyənin Kahramanmaraş vilayətinində məktəbə silahlı hücumla bağlı yeni detallar üzə çıxıb. 10 nəfərin öldüyü, 16 yaralının olduğu faciəli hadisə həm məsul şəxslərin səhlənkarlıq iddialarını, həm də hücumu törədən şagird İsa Aras Mersinlinin psixoloji vəziyyəti ilə bağlı ciddi suallar doğurub.
KONKRET.az Türkiyə mediasına isinadən xəbər verir ki, hücumu törədən məktəbin şagirdi 14 yaşlı İsa Aras Mersinli məktəbdə problemli davranışları ilə tanınıb və daim nəzarətdə saxlanılıb.
Məktəbin valideyn komitəsinin sədri Hülya Çevik bildirib ki, şagirdin psixoloji problemləri əvvəlcədən məlum idi və məktəb rəhbərliyi tərəfindən izlənirdi.
Onun sözlərinə görə, bir ay əvvəl başqa bir məktəbə təyin olunan direktor müavini Alparslan Yıldırım həmin şagirdi ciddi nəzarətdə saxlayırdı:
“Bu uşaq özünə zərər verən, aqressiv davranışlar göstərən biri idi. Alparslan müəllim “onun çantasını yoxlamadan məktəbə buraxmıram”, deyirdi”.
Valideynlərdən biri iddia edib ki, hücumçu bir ay əvvəl özünü ülgüclə yaralayıb. Lakin onun atası Uğur Mersinli polis rəisi kimi nüfuzundan istifadə edərək bu hadisənin rəsmiləşdirilməsinin qarşısı alınıb.
Araşdırmalar zamanı o da məlum olub ki, İsa Aras hücum planlarını bir neçə ay əvvəl internet platformalarında paylaşıb. Onun xüsusilə Discord və Reddit üzərindən bu barədə yazdığı bildirilir.
Hücum zamanı yaxın qohumunu itirən məktəbli Ertuğrul Korkmaz bildirib ki, Mersinlinin davranışları əvvəldən qeyri-adi idi. “Psixoloji problemləri vardı. Bəzən uzun müddət donub qalırdı. Müəllimlərə dəqiqələrlə gözünü çəkmədən baxırdı. Sonradan öyrəndik ki, gün ərzində 10-15 saat kompüter oyunları oynayır”.
