Ulu öndər Heydər Əliyevin xatirəsi Qazaxıstanda da anıldı – FOTOLARbackend

Ulu öndər Heydər Əliyevin xatirəsi Qazaxıstanda da anıldı - FOTOLAR

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər  verir ki, M.Narikbayev adına Qazaxıstan Humanitar və Hüquq Universitetində “Azərbaycan və Qazaxıstan liderlərinin hüquqi dövlətin qurulmasında, multikulturalizm və tolerantlıq dəyərlərinin gücləndirilməsində rolu” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkil etdiyi tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli və mərkəzi kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Bundan başqa, tədbirə Azərbaycanda təhsil almış, multikulturalizmlə bağlı ixtisaslaşdırılmış mütəxəssislər də qatılıblar.

Tədbirdə dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən danışılıb.

Həmçinin Ümummilli Liderin Azərbaycan və Qazaxıstanın bütün sahələrdə əlaqələrinin inkişafında əhəmiyyətli rolundan bəhs olunub. Ulu Öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğu vurğulanıb.

Tədbirdə “Xarici siyasət modelinin formalaşmasında iki ölkə liderlərinin fəaliyyəti”, “Qazaxıstan ilə Azərbaycan arasında uğurlu ikitərəfli iqtisadi əməkdaşlığın amili kimi hüquqi bazanın möhkəmləndirilməsi” mövzularında çıxışlar dinlənilib. Eyni zamanda, Azərbaycanda multikulturalizm tarixinin araşdırılması mövzusunda təqdimat keçirilib.

Qeyd edilib ki, Azərbaycanda və Qazaxıstanda insanlar sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşayır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstanın birincin prezidenti Nursultan Nazarbayevin bu sahədəki əvəzsiz xidmətləri diqqətə çəkilib. Qeyd olunub ki, Yaxın Şərqin və Mərkəzi Asiyanın bəzi ölkələrində dini ekstremizm və terrorçuluq təzahürləri ilə müşayiət olunan münaqişələr regional təhlükəsizliyə mənfi təsir etsə də, hər iki ölkədə insanlar əmin-amanlıq şəraitində yaşayır. Çıxışlarda vurğulanıb ki, iki tərəfdaş ölkənin dövlət qurumları arasında əməkdaşlıq bundan sonra da gücləndirilməlidir.

Dəyirmi masada Azərbaycan və Qazaxıstanın dini sahədə sıx əməkdaşlıqdan danışılıb, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin fəal iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi önə çəkilib. Bildirilib ki, müasir dünyada islamofobiya ciddi problemə çevrilib və ölkələrimiz mövcud vəziyyətə ciddi nəzarət edir.

Diqqətə çatdırılıb ki, əsası liderlər tərəfindən qoyulan siyasi kurs nəticəsində bu gün hər iki ölkədə mədəniyyətlərarası dialoq və multikulturalizm dövlət siyasətinin prioriteti elan edilib. Qazaxıstan da öz növbəsində dini qurumların və konfessiyaların ənənəvi toplantılarını təşkil edir. Bütün bunlar ölkələrimizin sivilizasiyalar və dinlər arasında dialoqun qurulmasında həmrəyliyini nümayiş etdirir.

Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətindən, eləcə də Azərbaycan mədəniyyətindən bəhs edən kitab və dərgilərin sərgisi təşkil olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*