
Məhkəmə zamanı azyaşlılar, zərərçəkənlər və şahidlər üçün rahat mühit təmin edəcək Daşkənd şəhərinin Şeyxantaxur rayon məhkəməsinin binasında uşaqlar üçün xüsusi dindirmə otağı açılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, layihə Respublika Ali Məhkəməsi və UNİCEF-in təşəbbüsü ilə həyata keçirilib.
Uşaq otağı beynəlxalq standartlara uyğun qurulub, müasir video və səs avadanlığı ilə təchiz edilib.
UNİCEF-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri Saşa Qraumannın sözlərinə görə, birincisi, uşaqlar xüsusi otaq dindirmə və ya istintaq zamanı rahat bir atmosfer təmin edilir, ikincisi, uşaqlar məhkəmə prosesində iştirak edən şəxslər və ya hakim istisna olmaqla digər şəxslərlə təmasından qorunur.
Qeyd edək ki, Özbəkistan məhkəmələrində uşaqlar üçün dindirmə otaqlarının yaradılması beynəlxalq ekspertlərin, respublika Ali Məhkəməsinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər maraqlı idarələrin nümayəndələrinin iştirakı ilə hələ 2017-ci ildə Daşkənddə keçirilən dəyirmi masada müzakirə edilmişdi.
Gazeta.uz -un məlumatına görə, 2018-ci ilin yanvar ayında UNİCEF-in dəstəyi ilə Daxili İşlər Nazirliyində ilk uşaq dostu istintaq otağı açılmışdı. Elə həmin ilin aprel ayında Daşkəndin Mərkəzi Daxili İşlər İdarəsinin İstintaq İdarəsində dindirilmələr üçün xüsusi bir kompleks təşkil edilmişdi, otaqlardan biri uşaq oyun otağına çevrilmişdi.
