“Uşaqların qidalanması, geyimlə, dərs vəsaitləri ilə təmin olunması və digər ehtiyaclarının necə qarşılanması mühüm məsələlərdir”.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sədr bildirib ki, Uşaq Hüquqları Konvensiyasına əsasən, dövlətlər uşaqlara yönəlik sosial-iqtisadi siyasət həyata keçirməlidir:
“Buraya uşaqların pulsuz qidalanması, dərs vəsaitləri və geyimlə təmin olunması, məktəbə aparılıb-gətirilməsi və digər sosial dəstək mexanizmləri daxildir. Bəzi deputatlar və jurnalistlər uşaqpulunun verilməsinə qarşı çıxırlar. Bu gün ölkədə uşaqların sayında azalma müşahidə olunur. Belə davam edərsə, 10 ildən sonra orduya göndərməyə əsgər tapılmayacaq. İnsanlar artıq evlənmək və uşaq sahibi olmaq istəmirlər. Düşünürlər ki, özlərini çətinliklə dolandırdıqları halda, uşaqları necə böyüdəcək, təhsil verəcək və təmin edəcəklər? Buna görə də çoxları ailə qurmaqdan və ya çoxuşaqlı olmaqdan imtina edir.
Uşaqpulunu bəzən valideynlərə iqtisadi yardım kimi təqdim edirlər. Lakin bu, əslində, uşağın normal inkişafı üçün ayrılan vəsaitdir. Ailənin normal gəliri yoxdursa, uşağın qidalanması, sağlam böyüməsi və təhsili ciddi problemə çevrilir”.
S.Cəlaloğlu qeyd edib ki, hər il ölkəmizdə 10 min uşaq fiziki inkişafdan geri qalır:
“Uşaqlar arasında müxtəlif xəstəliklərin sayı da artır. Xərçəng və leykoz kimi ağır xəstəliklərə hətta azyaşlı uşaqlarda da rast gəlinir. Bunun əsas səbəblərindən biri keyfiyyətsiz və təhlükəli qidalardan istifadə olunmasıdır. Valideynin maddi imkanı məhdud olduqda, o, daha ucuz qidalara üstünlük verməyə məcbur qalır. Nəticədə isə belə ağır fəsadlar ortaya çıxır”.
