Vətən müharibəsinin xronikası: Döyüşlərin 13-cü günübackend

Vətən müharibəsinin xronikası: Döyüşlərin 13-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

KONKRET.az Vətən müharibəsinin 13-cü gününün xronikasını təqdim edir:

Müharibənin 13-cü günü Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin nəticəsi olaraq, Xocavənd rayonun Hadrut qəsəbəsi; Tərtər rayonun Çaylı kəndi; Füzuli rayonun Yuxarı Güzlək və Gorazıllı kəndləri; Cəbrayıl rayonun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Oktyabrın 9-da düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi, radioelektron mübarizə vasitələri və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb. Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb, xeyli sayda hərbi qulluqçusu məhv edilib.

Ümumilikdə isə, müharibə başlayan gündən, düşmənin 16 komanda məntəqəsi, 196 tankı, 38 ədəd BM-21-i, 1 ədəd “Uraqan”ı, 10 ədəd özüyeriyən artilleriya qurğusu (onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”), 36 ədəd PDM-i, 24 sayda artilleriya batareyası, 2 ədəd RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 ədəd “S-300” kompleksinin buraxıcı qurğusu, 25 ədəd OSA zenit-raket kompleksi, 2 ədəd KUB zenit-raket kompleksi, 4 ədəd “Repelend” radio-texniki maneə vasitəsi, 136 ədəd topu, 56 ədəd minaatanı, 1 ədəd TOS-1A odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası, 1 ədəd “Kalçuqa” antena qurğusu məhv edilib. Qənimət kimi isə düşmənin 18 ədəd tankı, 4 ədəd topu, 22 ədəd PDM-i, 12 minaatanı, 4 ədəd UAZ maşını, 1 ədəd ekskavatoru, 27 ədəd “İqla” kompleksi, 1 ədəd ZİL maşını, 9 ədəd QAZ maşını götürülüb.

Ermənistan Silahlı Qüvvələri isə Azərbaycan Ordusu ilə cəbhədə deyil, Goranboy, Tərtər, Füzuli, Bərdə, Ağdam, Mingəçevir və digər rayonların yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla müharibəni davam etdirib.

Raket zərbələri nəticəsində Füzuli rayonunun 3 nəfər dinc sakini ağır yaralanıb. Həmçinin, erməni silahlı qüvvələrinin dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Minatəmizləmə Agentliyinin Füzuli regional idarəsinin əməkdaşı 3 ədəd qəlpə yarası alaraq ağır yaralanıb.

Sentyabrın 27-dən oktyabrın 9-u saat 12:00-dək olan müddət ərzində həlak olmuş dinc sakinlərin sayı 31, yaralanmış dinc sakinlərin sayı 164, yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1054, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 142 və yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 45-ə çatmışdı.

Azərbaycan Ordusu öz tarixi torpaqlarını azad edərkən, Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edirdi.“Poliqon”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*