“Vəzirov Azərbaycanın səadətini Rusiyanın qoltuğu altında görürdü” – O əslində KİM İDİ?backend

"Vəzirov Azərbaycanın səadətini Rusiyanın qoltuğu altında görürdü" - O əslində KİM İDİ?

Məlum olduğu kimi, 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Maraqlıdır ki, o, ölümü ilə 91 illik həyatı boyu heç vaxt olmadığı qədər gündəm yaradıb. Belə ki, bir neçə gündür haqqında sosial mediada yazılır, müxtəlif paylaşımlar edilir, əhali arasında sorğular keçirilərək, barəsində təzadlı fikirlər səsləndirilir…

KONKRET.az xəbər verir ki, “Ə.Vəzirov siyasi fiqur kimi mənim üçün həmişə maraqsız və mənasız bir persona olub”, – açıqlaması ilə diqqət çəkən Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli mərhumun şəxsiyyətini tarixi faktlarla xarakterizə edib.

“Qarabağda doğulan siyasətçilərin və aydınlarımızın əksəriyyəti paylaşımlarında onun “demokrat” olduğunu yazırlar. Digər tərəfdən, Tokayevlə müqayisəsi aparılır”, – deyən partiya lideri bu baxımdan Vəzirov haqqında gənclərimizə müəyyən bilgilərin çatdırılmasının vacibliyini vurğulayıb:

“Vəzirov keçən əsrin 80-ci illər sovet bürokratı, qəlbən Qorbaçovun sovet sistemini liberallaşdıracağına inanan və bir o qədər də SSRİ-yə bağlı əsl sovet vətəndaşı idi. Yəni milliyyət və milli dövlət anlayışından nəinki uzaq, hətta bu amala düşmən olan liberal bir kommunist… Bəli, Tokayevlə müqayisədə o, rusları 20 Yanvarda Bakıya şəxsən çağırmadı, amma rəhbəri olduğu xalqı satdı, qaçdı və rusların törətdiyi qətliama susqunluq nümayiş etdirərək, razılaşdığını bildirdi. Halbuki bütün məhrumiyyətləri, təhdidləri gözə alıb, etiraz edə, 20 Yanvar faciəsinin xalqına qarşı qətliam olduğunu dünyaya çatdıra bilərdi.

Ozamankı partiyadaşı və Sovet İttifaqında ondan da qat-qat yüksək vəzifələr tutmuş Heydər Əliyev kimi Moskva küçələrinə çıxa, orada yaşayan həmyerlilərimizlə birgə etirazını səsləndirə bilərdi. Lakin o qaçdı və susdu.

Vəzirovun xarakter etibarilə liberal olması onu vətənpərvər etmir və müstəqilliyimizlə bağlı buraxdığı səhvləri tarixdən silmir. Vətənpərvər deyildi, milli deyildi, müstəqilliyə qarşı idi, Azərbaycanın səadətini Rusiyanın qoltuğu altında görürdü”.

Azərbaycanda regionçuluğun, klançılığın mənfi fəsadlarından danışan bir sıra şəxslərin elə özlərinin bu zərərli tendesiyanın təbliğatçıları olduqlarını təəssüflə qeyd edən AY Partiya başqanı son olaraq bildirib ki, “Ancaq onlar unudurlar ki, tarixi fakt və həqiqət necə olur-olsun son anda gün kimi ortaya çıxır!”.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*