Monteneqro Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu qərar ölkənin Avropa İttifaqının viza siyasətinə uyğunlaşma prosesi çərçivəsində qəbul edilib. Aİ-yə üzvlüyü hədəfləyən Monteneqro viza siyasətini Brüsselin tələblərinə uyğunlaşdırmağa çalışır.
Yeni qaydalara əsasən, Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları 1 noyabr 2026-cı il tarixindən etibarən Monteneqroya səfər etmək üçün viza almalı olacaqlar.
Bundan əlavə, Monteneqro viza müraciətlərinin qəbulu üçün VFS Global şirkəti ilə əməkdaşlığa başlayıb.
Bu qərar vizasız Avropa tətili arzulayan minlərlə insanı məyus etsə də, Monteneqronun Aİ-yə inteqrasiya yolunun yalnız viza rejimində dəyişikliklərlə məhdudlaşmadığı aydındır. Ölkəni qarşıda hüquq sistemi, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyinin təkmilləşdirilməsi kimi daha mürəkkəb islahatlar gözləyir.
Uzun illərdir Monteneqro müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Serbiya və Belarusdan olan cinayətkar qrupların fəaliyyət göstərdiyi əsas məkanlardan biri kimi tanınırdı. Tənqidçilərin fikrincə, bu vəziyyət zamanla dövlət idarəçiliyinə də mənfi təsir göstərib.
İndi isə Aİ-yə inteqrasiya prosesi çərçivəsində bu sistemin dəyişdirilməsinə cəhd edilir. Bunun asan və ağrısız olmayacağı gözlənilir. Bununla belə, bəzi müşahidəçilər hesab edirlər ki, sonda dəyişikliklər daha çox formal xarakter daşıya və köhnə problemlər sadəcə yeni çərçivədə davam edə bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
