Wildberries şirkəti Qazaxıstanda anbar sahələri axtarmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti daşınmaz əmlak bazarındakı dörd mənbəyə istinadən yazır.
Mənbələrdən birinin sözlərinə görə, şirkətə təxminən 100 min kvadratmetr anbar sahəsi lazımdır. Digər mənbə isə bildirir ki, şirkət “ölkədə hazırda mövcud olan bütün boş anbar sahələrini tutmağa hazırdır”.
Nəşrin həmsöhbətlərinin iddiasına görə, marketpleys bununla öz logistika güclərinin bir hissəsini pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumağa çalışır. Qəzet yazır ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində ümumi sahəsi 444 min kvadratmetr olan ən azı dörd logistika kompleksi istismardan çıxa bilər ki, bu da marketpleysin bütün logistika sahələrinin təxminən 8 faizini təşkil edir.
Bundan əlavə, “Kommersant”ın məlumatına görə, şirkət Rusiyada da yeni anbarlar axtarır. Lakin boş anbar sahələrinin sahibləri yeni PUA hücumları riski və standart sığorta polisinin belə zərərləri əhatə etməməsi səbəbindən Wildberries ilə yeni müqavilələr bağlamağa tələsmirlər.
RWB şirkətindən isə bildirilib ki, onlar fəaliyyət göstərdikləri bütün ölkələrdə logistika infrastrukturunu planlı şəkildə inkişaf etdirir və malları anbarlar arasında yenidən bölüşdürürlər. Hazırda şirkət Almatıda sahəsi 100 min kvadratmetrdən çox olan logistika kompleksi, Astanada isə 160 min kvadratmetrlik daha bir kompleks inşa edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
