İranın ali dini lideri Əli Xamneyi İordaniya sərhədindəki ABŞ hərbi bazasına hücumla bağlı danışıb. O, ABŞ-la birbaşa silahlı münaqişədən yayınmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Məlumatda deyilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bu həftə təcili iclas keçirərək ABŞ-nin cavab tədbirləri görəcəyinə dair məsələni müzakirə edib. İran Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, İraqla sərhəddə ballistik raketlər yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl “Politico” nəşri xəbər vermişdi ki, Amerika hərbi bazasına zərbələrdən sonra ABŞ prezidenti Co Bayden bu hücuma qarşılıq verilməsini əmr edib. Əmrə əsasən İraq və Suriyada İran hərbçilərinə qarşı mümkün hücumlar, eləcə də İranın Fars körfəzindəki hərbi-dəniz qüvvələrinin obyektlərinə zərbə endirmək imkanları nəzərdə keçirilir.
Xatırladaq ki, bir neçə şiə qruplaşmasını birləşdirən İraq İslam Müqaviməti ABŞ hərbi bazasına hücumun məsuliyyətini öz üzərinə götürüb. Hərəkatın sözçüsü Vaşinqtonun İsrailə dəstəyini davam etdirəcəyi təqdirdə hücumların davam etdiriləcəyini bildirib. İran isə Tehranın insidentdə iştirakını təkzib edib.
Vəli Həsənov,
KONKRET.az
