Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər xəsarət alıb.
KONKRET.az qafqazinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Aksaray- Nevşehir magistral yolunda baş verib. Belə ki, İstanbuldan Nevşehirə – Kapadokiyaya ekskursiyaya gedən sərnişinlər qəzaya uğrayıb. Hərəkətdə olan avtobus idarəetmədən çıxaraq əvvəlcə ayırıcı zolağa, daha sonra isə əks yola adlayıb.
Sürücünün sözlərinə görə, sürət həddini aşmasa da, yağışdan sonra yolun sürüşkən olması səbəbindən avtobus qəfildən idarəetmədən çıxaraq qəzaya uğrayıb.
Qeyd edək ki, avtobusda 45 sərnişin, iki sürücü və bir bələdçi olub. Nəşrin məlumatına görə, hadisə nəticəsində 16 nəfər yüngül bədən xəsarətləri alıb. Yaralılar dərhal ətrafdakı xəstəxanalara çatdırılıb. Digər sərnişinlər isə yollarına başqa bir avtobusla davam ediblər.
