Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin, dövlət iradəsinin və milli kimliyinin nümayişi idi. Prezident İlham Əliyev forumun açılışındakı çıxışında bir daha göstərdi ki, Azərbaycan üçün şəhərsalma yalnız bina tikmək deyil — tarixlə gələcəyin harmoniyasını yaratmaqdır.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,Filologiya elmləri doktoru Elnarə Akimova deyib.
O bildirib ki, Dövlət başçısının vurğuladığı kimi, forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı var. Bu faktın özü artıq Bakının beynəlxalq platformaya çevrildiyini göstərir. COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük qlobal tədbir olan bu forum dünyanın diqqətini yenidən Bakıya yönəltdi. Bu, təsadüfi deyil. Çünki son illər Azərbaycan yalnız enerji və geosiyasi layihələrlə deyil, şəhərsalma, ekoloji transformasiya və müasir idarəetmə modeli ilə də nümunə göstərilən ölkəyə çevrilib.
Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanın tarixlə müasirliyi necə uzlaşdırdığı barədə söylədikləri idi. Onun İçərişəhərin qədim divarları barəsində dedikləri əslində bugünkü Bakının mahiyyətidir. Bir tərəfdə minillik tarix, digər tərəfdə şüşədən və poladdan ucalan müasir memarlıq. Bir tərəfdə qədim qala divarları, digər tərəfdə dünyanın ən müasir urbanistik layihələri.
Azərbaycan Prezidenti təsadüfən bu ili “Şəhərsalma və Memarlıq İli” elan etmədi. Çünki ölkədə aparılan quruculuq prosesi artıq ayrı-ayrı layihələrin deyil, dövlət strategiyasının əsas xəttinə çevrilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa proqramı dünya miqyasında misli görünməmiş layihələrdən biridir. Dövlət başmızın qeyd etdiyi kimi, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu, sadəcə dağıdılmış şəhərlərin bərpası deyil. Bu, milli yaddaşın dirçəldilməsi, insanların doğma torpaqlarına qayıdışının təmin olunması və həyatın yenidən qurulmasıdır.
Prezident Ağdamın taleyini xatırladarkən çox ağır və təsirli ifadə işlətdi: “Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər”. Bu müqayisə erməni işğalının miqyasını və vandalizmin dərinliyini açıq göstərir. Lakin Azərbaycan xarabalıq üzərində intiqam yox, həyat qurur. Bu gün həmin torpaqlarda yollar çəkilir, hava limanları tikilir, məktəblər və xəstəxanalar istifadəyə verilir. “85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır” fikri artıq Böyük Qayıdışın gerçəkliyə çevrildiyini sübut edir.
İlham Əliyevin çıxışında xüsusi emosional yük daşıyan məqamlardan biri Azərbaycanın tarixi irsinə münasibəti idi. Dövlət başçısı dedi: “Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq”. Həqiqətən də, Şamaxının qədim məscidləri, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəkinin abidələri, Lahıcın əsrlər əvvəl qurulmuş kanalizasiya sistemi xalqımızın nə qədər böyük sivilizasiya yaratdığını nümayiş etdirir.
Bu çıxışda Bakı xüsusi yer tuturdu. Prezident xatırlatdı ki, Bakı dünyanın ilk sənaye neft şəhərlərindən biri olub və uzun illər ekoloji fəlakətin yükünü daşıyıb. Amma bu gün həmin Bakı tam başqa simadadır. Dövlət başçısının sözləri ilə desək, “Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz”. Bu dəyişiklik yalnız şəhərin görünüşünün dəyişməsi deyil, düşüncə tərzinin dəyişməsidir. İnsan mərkəzli şəhər modeli, parkların salınması, ictimai nəqliyyatın modernləşdirilməsi və ekoloji yanaşma artıq Azərbaycanın urbanistik siyasətinin əsas xəttidir.
Prezident İlham Əliyevin Formula 1 ilə bağlı müqayisəsi isə çıxışın ən yaddaqalan hissələrindən biri oldu. “Pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar”, — deyən möhtərəm Prezident əslində müasir idarəetmənin fəlsəfəsini izah etdi. İnkişaf sürətli olmalıdır, amma tarix qurban verilməməlidir. Müasirlik vacibdir, amma milli kimlik itirilməməlidir.
Bakıda keçirilən bu forum bir daha göstərdi ki, Azərbaycan artıq regional çərçivələri aşaraq qlobal şəhərsalma gündəliyinin fəal iştirakçısına çevrilib. Burada söhbət yalnız memarlıqdan getmir. Burada söhbət milli ruhdan, dövlət iradəsindən və gələcək baxışından gedir. Azərbaycanın şəhərləri sadəcə yenidən qurulmur — onlar yeni dövrün simvoluna çevrilir. Bakı isə bu dəyişimin ürəyi olaraq dünyaya mesaj verir: tarixini qoruyan xalq gələcəyini də inamla qurmağa qadirdir.
