Azərbaycanda təhsil və imtahan sisteminin gələcəyi ilə bağlı zaman-zaman müxtəlif təkliflər gündəmə gəlir. Müzakirə olunan məsələlərdən biri də Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) gələcəkdə vahid qurum altında birləşdirilməsi ehtimalıdır.
Bəs belə bir addım atılarsa, bunun təhsil və imtahan sisteminə təsiri necə ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin birləşdirilməsini düzgün hesab etmir:

“DİM ilə Elm və Təhsil Nazirliyinin birləşməsini qətiyyən istəmərəm. Hər iki qurumun ayrıca fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Çünki DİM yalnız Elm və Təhsil Nazirliyinə aid sahələr üzrə imtahan keçirmir. Bu qurum müxtəlif dövlət strukturları üçün, o cümlədən dövlət qulluğu ilə bağlı imtahanlar təşkil edir. Ona görə də həmin qurumların birləşdirilməsi doğru yanaşma olmaz”.
Ekspert hesab edir ki, qurumların birləşdirilməsi əvəzinə, onların fəaliyyətini koordinasiya edən ayrıca müşahidə mexanizmi yaradılmalıdır:
“Mən təklif edirəm ki, ali müşahidə şurası yaradılsın. Elm və Təhsil Nazirliyi, DİM, Elm və Təhsil İnstitutu, Elmlər Akademiyası və digər təhsil qurumları həmin şuraya bağlı fəaliyyət göstərsinlər. Hər hansı mübahisəli məsələ yarandıqda, qərar həmin ali müşahidə şurası vasitəsilə verilsin. Bu model beynəlxalq təcrübədə də mövcuddur. Hətta Orta Asiyanın bəzi ölkələrində ali təhsil şuraları fəaliyyət göstərir və bütün təhsil qurumları həmin struktura tabedir. Azərbaycanda da belə modelin tətbiqi daha doğru olar”.
Ramin Nurəliyev vurğulayıb ki, DİM hazırda müstəqil publik hüquqi şəxs kimi fəaliyyət göstərir və bu status onun funksiyalarının effektiv icrasına imkan yaradır:
“DİM bəzi prosesləri dövlət hesabına, bəzilərini isə ödəniş əsasında həyata keçirir. Elm və Təhsil Nazirliyində isə fəaliyyət əsasən dövlət büdcəsi hesabına və ödənişsiz şəkildə təmin edilir. Bu baxımdan iki fərqli idarəetmə və maliyyə mexanizminin birləşdirilməsi arzuolunan nəticə verməyə bilər”.
Aynurə İsmayıl
KONKRET.az
