BMT-nin rezident əlaqələndiricisi: Qarabağda aparılan bərpa işləri ləyaqətli qayıdışın nümunəsidirbackend

BMT-nin rezident əlaqələndiricisi: Qarabağda aparılan bərpa işləri ləyaqətli qayıdışın nümunəsidir

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri post-münaqişə dövründə insanların ləyaqətli şəkildə geri qayıdışının uğurlu nümunəsidir.

KONKRET.az xəbər verir ki, apa-nın Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç bildirib.

Onun sözlərinə görə, iqlim fəaliyyəti, sülh quruculuğu və dayanıqlı urbanizasiya xüsusilə həssas və münaqişədən zərər çəkmiş ölkələrdə bir-birindən ayrı şəkildə nəzərdən keçirilə bilməz.

“İtirilmişi sadəcə bərpa etmək deyil, daha yaxşı şəkildə yenidən qurmaq lazımdır”, – deyə İ. Qarafuliç qeyd edib.

O bildirib ki, inteqrasiya olunmuş yanaşma mənzil təminatı, kommunal xidmətlər, iqlim dayanıqlığı və sülh quruculuğunu vahid çərçivədə birləşdirir.

BMT rəsmisinin sözlərinə görə, belə yanaşma ölkələrə qısamüddətli bərpadan uzunmüddətli dayanıqlı və inklüziv şəhər sistemlərinin qurulmasına keçid imkanı yaradır.

İ. Qarafuliç qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu baxımdan mühüm təcrübə təqdim edir.

“Azad edilmiş ərazilərə səfərim zamanı gördüklərim məni çox təsirləndirdi. Burada universitetlər, klinikalar və ASAN xidmət mərkəzləri yüksək keyfiyyət və insan ləyaqəti prinsipi əsasında qurulur”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu təcrübə post-münaqişə bərpasının insanların həyat keyfiyyətini və rifahını prioritetə çevirdiyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*