XƏBƏRDARLIQ: 30 il işləsəniz də pensiyasız qala bilərsinizbackend

XƏBƏRDARLIQ: 30 il işləsəniz də pensiyasız qala bilərsiniz

Azərbaycanda minlərlə insan illərlə müxtəlif sahələrdə çalışsa da, onların hamısının gələcək pensiya təminatı zəmanət altında deyil. Xüsusilə qeyri-rəsmi məşğulluğun geniş yayıldığı sektorlarda çalışan vətəndaşlar əmək fəaliyyətlərinin rəsmi qeydiyyata alınmaması səbəbindən pensiya yaşına çatdıqda ciddi problemlərlə üzləşə bilərlər.
Bəs uzun illər işləyən, lakin adına sosial sığorta ödənişi yatırılmayan şəxslər həqiqətən də pensiyasız qala bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, uzun illər işləyib, lakin əmək müqaviləsi bağlanmayan və sosial sığorta haqları ödənilməyən şəxslər pensiya təminatı ilə bağlı ciddi problemlərlə üzləşirlər.

Asif İbrahimov

Onun sözlərinə görə, hazırda Azərbaycanda yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki əsas şərt mövcuddur: vətəndaşın fərdi hesabında kifayət qədər pensiya kapitalının toplanması və ya minimum 25 il sığorta stajının olması əsas şərt hesab edilir:

“Hazırda minimum məbləğdə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manatdır. Əsas problem isə ondan ibarətdir ki, minlərlə insan illərlə işləsə də, onların əmək münasibətləri rəsmi qeydiyyata alınmır. Belə hallarda işəgötürən sosial sığorta haqqı ödəmədiyi üçün həmin dövr vətəndaşın sığorta stajına və pensiya kapitalına daxil edilmir. Nəticədə şəxs 30 il işlədiyini düşünsə də, elektron sistemdə onun adına cəmi bir neçə il staj görünə bilər”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, müasir pensiya sistemi artıq yalnız yaş amilinə əsaslanmır. Onun sözlərinə görə, əsas meyar vətəndaşın əmək fəaliyyəti dövründə sosial sığorta sisteminə etdiyi töhfədir:

“Pensiya kapitalı kifayət qədər formalaşdıqda stajın müddətindən asılı olmayaraq pensiya hüququ yarana bilər. Kapital yetərli olmadıqda isə minimum 25 il sığorta stajı tələb edilir. Xüsusilə tikinti, xidmət, kənd təsərrüfatı, kiçik ticarət və digər qeyri-rəsmi məşğulluğun geniş yayıldığı sahələrdə çalışan vətəndaşlar daha böyük risk altındadırlar. Bu şəxslər uzun illər əmək sərf etsələr də, pensiya yaşına çatdıqda əmək pensiyası almaq hüququ qazana bilməyə bilərlər”, – deyə o, bildirib.

Ekspertin fikrincə, məsuliyyət yalnız işəgötürənlərin üzərinə düşmür. Vətəndaşlar da öz əmək hüquqlarının qorunmasına diqqətlə yanaşmalıdırlar:

“İşə qəbul olunarkən əmək müqaviləsinin bağlanmasını tələb etmək, əməkhaqqının tam şəkildə rəsmiləşdirilməsinə nəzarət göstərmək və fərdi sosial sığorta hesabını mütəmadi yoxlamaq vacibdir. Çünki pensiya hüququ əslində əmək müqaviləsinin bağlandığı ilk gündən formalaşmağa başlayır”, – deyə Asif
İbrahimov əlavə edib.

Mütəxəssis vurğulayıb ki, qeyri-rəsmi məşğulluq təkcə sosial problem deyil, həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərən amillərdən biridir. Sosial sığorta haqlarının ödənilməməsi dövlətin sosial fondlarına daxilolmaları azaldır, gələcək pensiya yükünü artırır və sosial müdafiə sisteminin dayanıqlığını zəiflədir.

Ekspert vətəndaşlara çağırış edərək bildirib ki, bu məsələni yalnız təqaüd yaşına yaxın dövrdə deyil, əmək fəaliyyətinə başladıqları ilk gündən düşünməlidirlər. Əks halda illərlə qeyri-rəsmi işlədiyini sonradan sübut etmək olduqca çətin, bəzi hallarda isə mümkünsüzdür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*