“Xəcalət çəkirəm” – Sabiq deputat cilddən-cildə girən məmurlara mesaj göndərdi – “Mənə özgə müxalifət gərək deyil”backend

"Xəcalət çəkirəm" - Sabiq deputat cilddən-cildə girən məmurlara mesaj göndərdi - "Mənə özgə müxalifət gərək deyil"

Eldar Sabiroğlu

Əslində yazdıqlarımdan özüm tam razı deyiləm. Oxucu necə razı qalsın?

Yaza bilmirəm, çünki çətindir… Mızıldanmaq da artıq keçmir. Zaman doğruları söyləməyi tələb edir. Həqiqətləri isə qələmə almağa ürək gərək. Etiraf edim ki, inandığım və uzun illər səcdəsində dayandığım hökumətin kötüyü üstünə başımı uzatmaq istəmirəm. Güzəştə getmədən üzüb atar. Ona görə də susuram.

Əslində mənim işlərim ikiqat ağırdır. Evin içində ciddi olduğu qədər, həm də tərs bir müxalifətlə gündəlik mübarizədəyəm. Bu mənada mənə özgə müxalifət gərək deyil… Tövsiyə edərdim ki, başqa siyasi məkanlarda axtarışıma əbəs yerə vaxt ayırıb özünüzü yormayın. Mən həmişəki yerimdəyəm və heç hara getməmişəm. Yazılarım deyəsən, bəzilərinin yuxusunu qacırır. Hər şey sizin əlinizdədir.Telefonlarım 24 saat “prosluşkada”dır. Nəsə varsa deyin. Kiçik haşiyə. Üç gün əvvəl YAP-da yaşı 80-i haqlayan birisi yadıma düşdü. Yastı – yastı danışığı xüsusən xoşuma gəlirdi.Tez-tez əlaqə saxlayardıq. Xeyli vaxt səsi gəlmədiyindən darıxmışdım. Zəng etdim, kimliyimi bilsə də, özünü qanmaz yerinə qoydu və nəhayət, adımı dedim. Cavab verdi ki, bilirsən Sabiroğlu, telefonlar eşidilir. Necə zəng edim?! Dərhal da telefonu qapatdı…

Di gəl, yazma. Necə yazmayasan!? Axı olmur. Neyləsin 80 yaşlı qoca YAP-çı!!! Sonrasını gözəl bilir və ona görə də əhvalına soğan doğramaq istəmir.

Qaydaq əsas mətləbə. Yaxşı, siyasi camiyyədən geri durdum. Qələmi də atım!? Bəlkə xarici-daxili qüvvələrlə agentura şəbəkəsi yaradaraq hakimiyyətin əleyhinə işləyir və yazıların mövzusunu onlardan alıram. Başqa söz tapa bilmirəm. Varsa, bir şey qoyun ortalığa. Əks halda əl çəkin. Yetməzmi?! Dövlət başçısına xoş görünmək üçün evlər yıxmayın. Elədiyiniz yetməzmi!?Bu cür davranışlarla Prezidentin özünə pisliklər edirsiniz. Qalırsan iki suyun ortasında. Sahilə can atırsan. Ya çətinliklə çıxaraq xilas olursan, ya da dəniz dalğalarına təslim olub həyatını itirirsən.

Bu gün nazirə, hansısa bir vəzifəli şəxsə, icra başçısına çəmkirməyin sorğu-sualı Prezidenti tənqid etməkdən daha ağır, daha təhlükəlidir. Öz şəxsi maraqları üçün onlar ləkəni daha tez və daha məharətlə yapışdırırlar. Adını da qoyurlar dövlət başçısına xəyanət edirmiş!!!

Müəmmalarla dolu bir siyasi sistemin içindəyik. Yaxşı ilə yaman, doğru ilə yalan, dürüstləşdirilməsi hiylə yerini dəyişib. Misalçün, bir xanım deputat var. Dünyada ayaq basmadığı yer, ölkə qoymayıb. İqtidar adamı hesab olunan bu qadın müxalifətə də heç dəyib-dolaşmaz. Lakin iddiası yerə-göyə sığmayan bu qadının Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdəki tövrünə-tərzinə baxın. Heydər Əliyev salona daxil olarkən o zaman TV-dən birində çalışan jurnalist xanım ayağa durmur və indi baş nazirin müavini vəzifəsində işləyən şəxslərdən biri ona irad tutarkən kobud formada mən  jurnalistəm, ayağa durmaya bilərəm, – deyə cavablandırır. Bunu mənə klassik YAP-çılardan olan rəhmətlik Fikrət İsmayılovun hüzr məclisində həmin adamın özü dedi.

Necə olur Heydər Əliyevi təhqir edən, aşağılayan, alçaqcasına yazıları ilə tanınan biriləri hakimiyyətlə bir səfdə dayana bilirlər? Başa düşmək olmur. Vaxtında gözümüz kar, qulağımız kar, dilimiz lal olduğundan həqiqətlərin və “sədaqətlərin” haralarda yuva qurduğundan xəbərimiz olmayıb.

Böyük tarixi şəxsiyyət kimi yüksək dəyər verdiyim Heydər Əliyevə qarşı zamanında müxaliflik edən, indisə İlham Əliyevin yanını kəsdirib cilddən-cildə girən adamların şərəfsizcəsinə ağır təhqir və söyüşlərini arxivdən çıxarıb təkrar oxutmağa xəcalət çəkirəm. İnanın, arxivimdəki qəzetlər üst-üstə qalaqlanıb. Nələr yoxdu, hansı təhqirlər yoxdur?! Amma əvəzində çox günahsızları qarışqa kimi əzib üstündən keçdilər. Bəzən Heydərçi olduğuma görə atəşi başıma yağış kimi yağdırırlar. Nə qədər istəyirsiniz, döşəyin. Onu dəyişmək fikrim yoxdur. Ancaq satılmışlarla öz mövqeyində aşkar dayananların cəmiyyətə vurduğu ziyanın fərqini izah etməyi buraxıram sizin öhdənizə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*