Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycanda da onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin icbari tibbi sığorta çərçivəsində genişləndirilməsi istiqamətində addımlar atılır.
Bəs Azərbaycanda xərçəng xəstələri üçün hansı yeni imkanların yaradılması gözlənilir və dünyada bu sahədə hansı təcrübələr tətbiq olunur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, hər il dövlət büdcəsindən onkoloji xəstəliklərin müalicəsinə dəstək məqsədilə müəyyən vəsait ayrılır.

Onun sözlərinə görə, bu vəsait, dünyada olduğu kimi, Azərbaycanda da ilbəil artırılır:
“İcbari tibbi sığorta sisteminin tətbiqinə təxminən 4-5 il əvvəl başlanılıb. İlk mərhələdə onkoloji xəstəliklərin müalicəsi üçün geniş maliyyələşmə nəzərdə tutulmamışdı.
Lakin son dövrlərdə onkoloji xəstəliklərin diaqnostikasında istifadə olunan KT, MRT və endoskopik müayinələr icbari tibbi sığorta paketinə daxil edilib. Yaxın gələcəkdə onkoloji xəstəliklərin müalicəsi və digər müayinə prosedurlarının da icbari tibbi sığorta paketinə əlavə edilməsi nəzərdə tutulur”.
Həkim qeyd edib ki, bu istiqamətdə ilk növbədə uşaqların əhatə olunması planlaşdırılır:
“İlkin olaraq 2027-ci ildən uşaqların icbari tibbi sığorta ilə təmin olunması nəzərdə tutulub. Çünki uşaqlar ən həssas qruplardan biridir. Bu halda onların müayinə və müalicələrinin dövlət hesabına həyata keçirilməsi mümkün olacaq.
Daha sonra mərhələli şəkildə xərçəng xəstəliyinin müəyyən növlərinin də icbari tibbi sığorta paketinə daxil edilməsi nəzərdə tutulur. İldən-ilə onkoloji xəstəliklərdən əziyyət çəkən insanların daha geniş şəkildə icbari tibbi sığorta sisteminə cəlb edilməsi gözlənilir”.
F.Museyibovun sözlərinə görə, onkoloji xəstələrin həm müayinə, həm də müalicəsinin dövlət hesabına həyata keçirilməsi bir sıra ölkələrdə artıq tətbiq olunan praktikadır:
“Ümumiyyətlə, Avropa ölkələrində, eləcə də qardaş Türkiyədə onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi dövlət hesabına həyata keçirilir. Müayinələr də bu sistemə daxildir. Azərbaycanda isə icbari tibbi sığorta sisteminə yeni keçildiyi üçün ilk mərhələdə yalnız müəyyən müayinələr paketə daxil edilmişdi.
Artıq nəzərdə tutulub ki, bundan sonrakı mərhələlərdə digər müayinə və müalicə prosedurları da icbari tibbi sığorta paketinə əlavə edilsin”.
Beləliklə, onkoloji xəstələrin müayinə və müalicə xərclərinin dövlət tərəfindən daha geniş şəkildə qarşılanması, xüsusilə uşaqlar üçün əlavə imkanların yaradılması və sistemin mərhələli şəkildə genişləndirilməsi gözlənilir. Bu isə ağır xəstəliklə mübarizə aparan xəstələrin və onların ailələrinin maliyyə yükünün əhəmiyyətli dərəcədə azalmasına imkan verə bilər.
Aynurə İsmayıl
KONKRET.az
