Xəstə olan, ağır şəraitdə işləyən insanların oruc tutması dində necə tənzimlənir?backend

Xəstə olan, ağır şəraitdə işləyən insanların oruc tutması dində necə tənzimlənir?

Ramazan ayında oruc ibadəti ilə bağlı ən çox verilən suallardan biri də səfərdə olan, xəstə və ya ağır iş şəraitində çalışan şəxslərin oruc tutub-tutmaması ilə bağlıdır. Maraqlıdır, səfərdə olarkən, yaxud xəstəlikdə və ağır iş şəraitində oruc tutmaq məsələsi necə tənzimlənir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslamda bu məsələlər Qurani-Kərimdə açıq şəkildə tənzimlənib.

İlahiyyatçı Ağa Hacıbəyli “Din və cəmiyyət”in qonağıdır - 18.03.2022

“Ramazan ayı yalnız orucdan ibarət deyil. Bu ayda sahur, iftar, etiqaf, Qədr gecəsi, fitrə sədəqəsi, fidyə və müxtəlif ibadətlər kimi bir sıra dini anlayışlar da mühüm yer tutur. Eyni zamanda səfərdə olan və sağlamlıq problemi yaşayan insanların oruc ibadəti ilə bağlı xüsusi hökmlər mövcuddur.

Xəstələr iki qrupa bölünür. Birinci qrup xroniki xəstələrdir ki, onların sağlamlıq vəziyyəti oruc tutmağa imkan vermir. Əgər belə şəxslərin maddi imkanı varsa, tutmadıqları orucların əvəzində fidyə verməlidirlər. Fidyə isə bir ehtiyac sahibinin qidalanmasını təmin etmək deməkdir.

İkinci qrup isə müvəqqəti xəstələrdir. Ramazan ayında səhhətləri ağır olduğu üçün oruc tuta bilməyən, lakin sağalma ehtimalı olan şəxslər sonradan buraxdıqları günləri qəza etməlidirlər. Bu halda onların üzərinə kəffarə düşmür”

Səfər məsələsinə toxunan Ağa Hacıbəyli bildirib ki, Qurani-Kərimdə səfərdə olan şəxslərə də güzəşt nəzərdə tutulur. Səfərdən qayıtdıqdan sonra tutulmayan oruclar günə-gün qəza edilir və burada da kəffarə vacib sayılmır.

“Cəfəri məzhəbinə əsasən insan yaşadığı şəhər və ya kəndin sərhədindən təxminən 22 kilometr uzaqlaşdıqdan sonra müsafir sayılır və bu halda oruc tutması düzgün hesab olunmur. Digər məzhəblərdə isə bu məsafə təxminən 90 kilometr qəbul edilir. Bununla yanaşı, bəzi alimlər səfərdə çətinlik yoxdursa, oruc tutmağın mümkün olduğunu da bildirirlər”

İlahiyyatçı əlavə edib ki, Cəfəri məzhəbinə görə şəxs uzaq səfərə günortadan sonra çıxarsa, həmin günün orucu qüvvədə qalır. Əgər səfərdən növbəti gün günortaya qədər geri qayıdarsa və orucu pozacaq hal baş verməyibsə, onun orucu saxlanılmış hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*