Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü düşmən ölkədə geniş təhlil edilir. ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişindən sonra Moskva görüşünün İrəvana nə verəcəyi müzakirə mövzudur. Lavrovla Mirzoyan Rusiya Ermənistan münasibətlərini müzakirə etdikdən sonra bəyanat veriblər ki, iki ölkə arasında münasibətlər normaldır və Rusiya Ermənistanın müttəfiqidir. Digər tərəfdən isə “müttəfiq” ölkənin xarici işlər naziri bildirir ki, Rusiya hərbçiləri İranla sərhəddən çəkilməli və ora erməni sərhədçiləri yerləşdirilməlidir. Bu bəyanatın Vaşinqton görüşündən sonra verilməsi rusiyalı ekspertlərin də diqqətindən yayınmır.
Sadəcə Mirzoyanın Rusiya görüşü Moskvanın istəyi ilə baş tutub və ondan bəzi hesab sorulub. Məsələ burasındadır ki, bir mənalı Qərb siyasəti aparan Nikol Paşinyan üçün Rusiyanın hansı qərar qəbul etməsinin elə bir önəmi yoxdur. O, Qərb qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün bütün planları işə salıb. Sadəcə Rusiyadan tezliklə qopmağın Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını anlayan Paşinyan hələlik, Moskva ilə bağlantıları belə tez kəsmək istəmir. Hər iki ölkənin xarici işlər nazirləri bildiriblər ki, ölkələr ikitərəfli münasibətləri gücləndirməkdə və müttəfiqliyi dərinləşdirməkdə maraqlıdır. Hansı müttəfiqlikdən söhbət gedir? Vaşinqtonda imzalanan ABŞ-Ermənistan tərəfdaşlıq sazişinin mürrəkəbi qurumamış Lavrovla Mirzoyan müttəfiqlik barədə birgə bəyanat verirlər. Bu, sadəcə siyasi əxlaqsızlıqdır və iki stulda oturan Ermənistanın siyasi simasıdır.
ABŞ-ni Cənubi Qafqaza soxmağa çalışan, onunla tərəfdaşlıq haqqında xartiya imzalayan Ermənistanın planları aydındır. Mirzoyan cəmi bir həftə sonra eyni məzmunlu çıxışı Moskvada edir və guya Rusiya ilə müttəfiqliyə sadiqliklərini bildirir. Maraqlıdır, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün planlar quran, Qərbin əlində oyuncağa çevrilən Ermənistan daha hansı yalanlar uydurmağı planlaşdırır? Daha bir məqam. Mirzoyan Lavrovla görüşündə bildirir ki, guya Rusiya ilə İran arasında bağlanan müttəfiqlik müqaviləsi Ermənistanı daha da ruhlandırır və İrəvan ən yaxın müttəfiqi İranın Rusiya ilə yaxınlığını dəstəkləyir. Digər tərəfdən isə İranın ən böyük düşməni olan Amerikanı sərhədlərinə dəvət edərək rusiyalı hərbçiləri oradan uzaqlaşdırdığı barədə bəyanat verir. Hələ bu azmış kimi, Rusiyaya Ermənistan-İran sərhəddini qoruduğuna görə təşəkkür edən Mirzoyan, sonrakı proseslərin ahnsı məcarada inkişaf edəcəyini deməyib.
Mirzoyan bir qədər “həya” edib desin ki, Rusiya hərbçilərinin Ermənistanın Cənub sərhədlərində dayanması Amerikanın maraqlarına uyğun deyil. Mirzoyan onu da deməyə utanıb ki, ən yaxxın “müttəfiqləri” İranla sərhəddəki gömrük nəzarət məntəqəsində ABŞ gömrükçüləri manitorinq aparmaq hüququ əldə ediblər. Mirzoyan diplomatlara xas olan tərzdə danışıb və bəzi mətləblərin üstündən vaz keçib. Onu da deməkdən çəkinib ki, bir neçə gündən sonra Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağını rəsmən bəyan etməyə hazırlaşır. Mirzoyan çox məsələlərinm üstündən keçsə də, Lavrov hər şeyi çox yaxşı anlayır və bilir ki, İrəvan Rusiyadan demək olar ki, qopmaq mərhələsindədir. Lavrov dərk edir ki, ABŞ-ilə strateji tərəfdaşlıq sazişi Ermənistanın Rusiyaya xəyanətidir. Lavrov sadəcə bildirib ki, Rusiya Ermənistanla müttəfqliyinə sadiqdir. Bəs Ermənistan? O da sadiqdirmi? Bəlkə diplomatlar sadəcə söz oyununa çıxıblar? Bunu hər iki diplomat anlayır və kameralar önündə özlərini müttəfiq kimi göstəriblər. Onlar anlayırdılar ki, ikisi də yalan danışır və Rusiyanın Cənubi Qafqazdan çıxması an məsələsidir. Lavrov Mirzoyana pərdəarxası bəzi mesajlarını da çatdırsa da, Ermənistan Qərb deyib dayanıb.
Vəli Həsənoğlu,
KONKRET.az